Kibertəhlükəsizlik ilə məşğul olan “ID Agent” şirkətinin ekspertləri “gizli internet”də mövcud olan iki milyarddan çox parolu öyrəndikdən sonra ən populyarlarını müəyyənləşdiriblər. Onların qənaətinə görə, əksər istifadəçilər parol kimi sevimli idman növünün adını seçməyə üstünlük verir.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, digər insanlar isə incəsənət, cizgi filmləri və ya kinofilmlərin personajlarının adını seçirlər. Məsələn, “Mickey Mouse”, “Supermen” və ya “Batman”.
Daha məlumatlı istifadəçilər parollara rəqəmlər əlavə edirlər, lakin tədqiqata görə, daha çox “Blink 182” və “Rush2112” kimi musiqi qruplarının adı seçilib. Bundan başqa, istifadəçilər öz adlarını parol kimi istifadə etməyi sevirlər.
“ID Agent” əməkdaşlarının sözlərinə görə, tanış adamın sosial şəbəkə səhifələrini analiz etdikdən sonra parolu müəyyənləşdirmək mümkündür. Tədqiqatçılar insanları belə kod sözlərindən istifadə etməməyə, eləcə də mümkün olan hər yerdə ikifaktorlu identifikasiyanı aktivləşdirməyə çağırırlar.
Nizam Nuriyev