“Apple” şirkəti Tayvanda Sinçju Elmi Parkının ərazisində yeni zavodun inşasına 335 milyon dollar investisiya yatırmaq niyyətindədir. Zavod şirkətin qurğularında istifadə ediləcək “Micro-LED” yarımkeçirici displeylər və “Mini-LED” çoxzonalı işıqlandırıcıya malik maye-kristal ekranlar istehsal edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, “Apple” yerli “Epistar” və “AU Optronics” şirkətləri ilə əməkdaşlıq edəcək, zavod isə 30,83 hektar ərazidə yerləşəcək. Bundan əlavə, şirkət işıq diodlu panellərin istehsal həcmini artırmaq, eləcə də bu istiqamətdə tədqiqat fəaliyyətini stimullaşdırmaq məqsədilə bir neçə milyard Tayvan dolları sərf etməyi planlaşdırır.
Qeyd edək ki, hazırda “Apple” şirkətinin Tayvan Elmi Parkında tədqiqat laboratoriyası fəaliyyət göstərir. Onun əməkdaşları 2014-cü ildən “Mini-LED” və “Micro-LED” displeyləri ilə bağlı texnologiyaların hazırlanması ilə məşğul olurlar. Şirkətin Tayvanda yerləşəcək gələcək zavodu onun ABŞ-dan kənarda fəaliyyət göstərən üçüncü xarici tədqiqat və işləmələr mərkəzi olacaq.
Nizam Nuriyev