Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Viruslar şəkillərə çevriləcək


“Microsoft” və “Intel” şirkətləri zərərli proqram təminatını daha dəqiq müəyyənləşdirməyə və təsnifləşdirməyə imkan verəcək innovativ metod hazırlamağa başlayıblar. “STAMINA” (STAtic Malware-as-Image Network Analysis) adlı layihə çərçivəsində tərəfdaşlar virusları ağ-qara şəkillərə çevirərək sonradan onları öyrənən sistemin yaradılması ilə məşğuldurlar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, yeni yanaşmanın mahiyyəti əvvəlcə şübhəli binar faylı monoxrom “2D” görüntüsünə çevirməkdən (təxminən informasiyanın şifrləndiyi QR kodu kimi) ibarətdir. Bunun üçün “STAMINA” zərərli proqram təminatının hər baytını 0-255 göstəricisi üzrə qiymətləndirdikdən sonra onları müxtəlif boz rəng çalarlarına, genişlik və hündürlüyə malik piksellərə çevirir.

 

Məlumata görə, sonra işə əldə olunan qrafik siqnaturanı skan edərək onu əvvəlki nümunələrlə müqayisə edən kompüter təlimi və süni intellekt alqoritmləri başlayır. Tədqiqatçıların sözlərinə görə, skan edilmə mərhələsində dərin neyroşəbəkə (DNN) eyni ailəyə aid olan digər zərərli proqram təminatları ilə struktur oxşarlıqlarını müəyyənləşdirməyə və öyrənilən faylın virus olub-olmamasını aşkarlamağa çalışır.

 

Yeni layihə üçün “Microsoft” mütəxəssisləri tərəfindən 2,2 milyon yoluxmuş icra edilən fayl təqdim olunub. “DNN” alqoritminin təlimi üçün məlum zərərli proqram nümunələrinin 60 faizi istifadə edilib.

 

Testin yekunları üzrə “STAMINA” tərəfindən sistemin zərərli kodu 99.07 faizlik dəqiqliklə identifikasiya etməsi müəyyənləşdirilib. Səhvlərin göstəricisi 2,58 faiz təşkil edib. Antivirus ən az səhvi kiçikölçülü faylların analizi zamanı buraxıb.

 

Gələcəkdə “STAMINA” proqram tərtibatçılarının mobil əlavələrə quraşdıracağı “Windows ML” süni intellekt platforması üçün modul rolunu oynaya bilər.

 

Nizam Nuriyev






13/05/20    Çap et