Çinin “Huawei” şirkətinə məxsus “Honor” brendi “Tablet V6” adlı planşet kompüterin mayın 18-nə nəzərdə tutulan təqdimatını bildirən şəkillər dərc edib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, hazırlanan qurğu dünyada beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) və “Wi-Fi 6” və ya “IEEE 802.11ax” simsiz rabitə standartını dəstəkləyən ilk planşet olacaq.
Ehtimallara görə, “Honor Tablet V6” planşetinin əsasını “Kirin 820 5G” prosessoru təşkil edəcək. O, 2,36 QHs takt tezlikli dörd “Cortex-A76” nüvəsini, 1,84 QHs takt tezlikli dörd “Cortex-A55” nüvəsini, eləcə də “ARM Mali-G57MP6” qrafik sürətləndiricisini birləşdirir.
Şəkillərə görə, planşet geniş çərçivəli ekranla təchiz edilib. Tətbiq edilən panelin texniki xüsusiyyətləri hələlik açıqlanmır.
İnternet mənbələri bildirir ki, “Honor Tablet V6” 300-500 dollarlıq orta qiymətli qurğular kateqoriyasına aid olacaq.
“IDC” analitik şirkətinin hesablamasına görə, bu ilin birinci rübündə dünyada satılan qurğuların sayı 24,6 milyon təşkil edib. Bu, tədarük həcminin 30,1 milyon ədədə bərabər olduğu 2019-cu ilin birinci yarısı ilə müqayisədə 18,1 faiz azdır. “Huawei” aparıcı istehsalçılar siyahısında 12,0 faiz payla müvafiq olaraq birinci və ikinci yeri tutan “Apple” və “Samsung” şirkətlərindən sonra üçüncü pillədə qərarlaşıb.
Nizam Nuriyev