“Strategy Analytics” mütəxəssislərinin proqnozuna görə, “COVID-19” pandemiyasının yaratdığı iqtisadi böhran fonunda 2020-ci ildə mobil rabitə xidmətlərindən əldə olunan gəlir 2,6% azalacaq. Mütəxəssislər xəbərdarlıq edirlər ki, 2021-ci ildə yalnız cüzi bərpa gözlənilir.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, adətən mobil operatorların xidmət gəlirlərinin 2-4%-ni təşkil edən rouminqdən əldə olunan gəlirlər daha çox azalıb. Turizm fəaliyyətinin əvvəlki vəziyyətinə qayıtmasının uzun çəkəcəyini nəzərə alsaq, 2021-ci ildə də bir çox regionlarda rouminqdən əldə edilən gəlir aşağı səviyyədə olacaq.
Həmçinin işsizliyin artması və ixtisarlar sektordakı vəziyyətə təsir edir. Mobil telefon və rabitənin əksər insanlar üçün vacib bir alət olaraq qalmasına baxmayaraq, azalan gəlirlərə görə xərclərə düzəliş ediləcək.
Bununla yanaşı, özünü təcridetmə, distant təhsil və iş rejiminə keçid dövründə genişzolaqlı rabitənin tamamilə zəruri olduğu məlum olub. Bir çox operatorlar səs trafikində və məlumatların ötürülmə həcmində xeyli artım qeydə alıblar.
Lakin mütəxəssislər xəbərdarlıq ediblər ki, yaxın 5 ildə mobil operatorlar çətin iş şəraitində işləməli olacaqlar.
Emil Hüseynov