Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq


Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar bazarı barəsində proqnozlarını pisə doğru dəyişdiriblər. “COVID-19” pandemiyasının nəticələrinə görə, “IDC” və “Counterpoint Research” şirkətlərinin mütəxəssisləri Hindistanda smartfonların satış həcminin 13-15% azalmasını proqnozlaşdırırlar. Tədqiqat şirkətlərinin müşahidələri tarixində ilk dəfə olaraq bu bazarda mənfi dinamika qeydə alınacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, işçilərin kütləvi ixtisarı və maaşların azalması fonunda istehlakçılar alış-verişlərini dayandıracaq. Smartfon istehsalçıları qurğuların istehsalını genişləndirmək vəziyyətində olmayacaqlar ki, bu da tədarükün həcminə təsir edəcək.

 

Mənfi tendensiyaları nəzərə alan “IDC” şirkətinin analitikləri hesab edirlər ki, 2020-ci ildə Hindistana gözlənilən 140 milyon qurğu əvəzinə, 130 milyon smartfon tədarük ediləcək. “Counterpoint” şirkətinin hesablamasına görə, sözügedən ölkədə smartfon bazarının həcmi 137 milyon qurğu təşkil edəcək.

 

Müqayisə üçün, 2019-cu ildə Hindistanda 154-158 milyon smartfon satılmışdı.

 

Emil Hüseynov






01/06/20    Çap et