“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda nümayiş etdirəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, söhbət “iPhone 12” seriyalı smartfonlardan gedir. Seriyaya dörd – 5,4 düym ekranlı “iPhone 12”, 6,1 düym displeyli “iPhone 12” və “iPhone 12 Pro”, eləcə də 6,7 düym ekranlı “iPhone 12 Pro Max” modelinin daxil olacağı gözlənilir.
Məlumata görə, bütün yeni qurğular beşinci nəsil mobil rabitə şəbəkəsində (5G) işləyəcək. “A14 Bionic” prosessoru ilə təchiz ediləcək smartfonlar üzvi işıq diodları (OLED) əsasında ekrana malik olacaq.
Bildirilir ki, “Apple” şirkəti 6,1 düym diaqonallı “iPhone 12” modellərinin kütləvi istehsalına üçüncü rübdə başlayacaq. Qurğuların buraxılışına avqustda başlanacağı ehtimal olunur. Beləliklə, oktyabrda baş tutacaq rəsmi təqdimatadək ABŞ istehsalçısı anbarlarda lazımi sayda yeni qurğu ehtiyat edə biləcək.
“Gartner” analitik şirkətinin hesablamasına görə, bu ilin birinci rübündə dünyada satılan smartfonların sayı 299,1 milyon təşkil edib. “Apple” 13, 7 faiz paya sahib çıxmaqla iri tədarükçülər siyahısında “Samsung” və “Huawei” şirkətlərindən sonra üçüncü pillədə qərarlaşıb.
Nizam Nuriyev