Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Zoom” müxtəlif ölkələrin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb


“Zoom” müxtəlif ölkələrdə təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Şirkətin əsas icraçı direktoru Erik Yuan belə bəyanatla çıxış edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “COVID-19” pandemiyasına görə “Zoom” onlayn konfranslar xidmətinin populyarlığı karantin vaxtı xeyli yüksəlib. Nəticədə 2020-ci ilin birinci rübündə şirkətin mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 169% artıb.

 

Maliyyə hesabatının dərc edilməsindən bir gün sonra Erik Yuan zənglər üçün təhlükəsiz şifrləmədən imtina etmək niyyətini açıqlayıb.

 

"Biz, çox güman ki, trafikin şifrlənməsi xidmətini istifadəçilərə ödənişsiz təqdim etməyəcəyik. Biz “Zoom”dan pis məqsədlər üçün istifadə hallarının qarşısını almaq üçün FTB və yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək istəyirik".

 

Xatırladaq ki, bir neçə həftə əvvəl “Zoom” şirkəti təhlükəsiz mesaj sistemlərinin hazırlanması ilə məşğul olan “Keybase” şirkətini satın alıb. Yuan o vaxt bildirmişdi ki, sazişin əsas məqsədi istifadəçi məlumatlarının təhlükəsizliyinin artırılmasıdır.

 

Emil Hüseynov






04/06/20    Çap et