Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun İrana səfərinin yekunları barədə Trend-ə müsahibəsi
- Sizin başçılıq etdiyiniz Azərbaycan nümayəndə heyəti ötən həftə İranda iki ölkə arasında KİV sahəsində əməkdaşlıq barədə müzakirələr aparıb. Bu görüşlərdə hansı razılıqlar əldə olundu?
- Ümumən düşünürəm ki, İranda görüşdüyüm məsul şəxslərlə - bu insanların sırasında teleradio fəaliyyətinə rəhbərlik edən rəsmilər də var idi - ortaq nöqtələr tapa bildik.
Həm multimedia, informasiya agentlikləri, elektron KİV-lərin nümayəndələri, həm də bütövlükdə İranın xarici siyasətini, Azərbaycanla bağlı siyasətini formalaşdıran, bu siyasətin ayrı-ayrı sahələrini dəyərləndirən və İranın dövlət qurumlarını Azərbaycanla bağlı bu və ya digər tədbirlərə, siyasətə sövq edən qurumların nümayəndələri ilə görüşdük və düşünürəm ki, ortaq nöqtələr tapdıq. Bu nöqtələr qarşılıqlı hörmət, qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək oldu. Bu üç məsələ ətrafında müzakirələr aparıldı.
Mən, ümumiyyətlə, İrana səfər edərkən bütün addımlarımı onun üzərində qurmuşdum ki, İran dövləti, indiki İran siyasi sistemi və siyasi rejimi 33 ildir ki, öz xalqının iradəsinə söykənərək və özünün Konstitusiya normalarına əməl edərək mövcuddur, yaşayır, dünya ilə münasibətlərini qurur.
Yaxşı və ya pis - hər halda bu, onun xalqının seçimidir, iradəsidir. Azərbaycan dövləti 20 ildir ki müstəqildir, özünün siyasi idarəçilik sistemini müəyyən edib, dünyəvi dövlət yolu, demokratik inkişaf yolu seçib və bu seçim Azərbaycan xalqının iradəsidir.
Biz Azərbaycan xalqının iradəsinə söykənərək dövlətimizi qururuq, onun xarici aləmdə münasibətlərini müəyyən edirik, daxili siyasətini idarə edirik. Bu da Azərbaycanın seçimidir və bu seçimə mütləq şəkildə diqqətlə yanaşılmalı və iki dövlət arasındakı münasibətlər də bunun üzərində qurulmalıdır.
Sən mənim dəyərlərimə hörmətlə yanaşsan, mən də sənin dəyərlərinə hörmətlə yanaşacağam, sən mənim daxili həyatımı dəyişməyə çalışmasan, mən də sənin daxili həyatına qarışmayacağam.
Mən orada bir bəyanat verdim ki, biz Azərbaycanda nə ediriksə, Azərbaycan xalqının iradəsinə söykənərək edirik. Kənardan süni şəkildə Azərbaycana hansısa məzhəbçiliyin, dini təriqətçiliyin və süni demokratiya adı altında Azərbaycan daxilində anarxiya yaratmanın, fərqli-fərqli siyasi, ideoloji, mənəvi təriqətlərin və meyillərin ixrac olunmasının, süni şəkildə yeridilməsinin əleyhinəyik və onun qarşısını alırıq və bundan sonra da alacağıq. Mən orada açıq şəkildə bəyan etdim ki, dövlət üçün hər şey dövlətin müstəqilliyi və təhlükəsizliyindən sonra başlayır.
Azərbaycan dövləti olmadan, onun müstəqil dövlət maraqları təmin olunmadan, onun suverenliyi təmin olunmadan, təhlükəsizliyi qorunmadan biz nə yaxşı müsəlman, nə yaxşı azərbaycanlı, nə yaxşı türk, nə yaxşı demokrat, nə də yaxşı mübariz vətənpərvər ola bilərik. Bizim dövlətimiz yoxdursa, bu dövlət məhvə gedirsə, bu dövlət dağıdılırsa, bundan sonra hansı dəyərdən söhbət gedə bilər.
Ona görə də mən orada açıq bəyan etdim ki, bizim dövlət maraqlarının əksinə, əleyhinə olaraq Azərbaycana süni şəkildə kənardan yürüdülən, Azərbaycan xalqının iradəsinin əksinə olaraq, onun iradəsini zorlamağa meyillənən hər bir addıma qarşı çıxmışıq, çıxırıq və bundan sonra da çıxacağıq.
İnformasiya-təbliğat sahəsi də eynilə məsələyə aiddir. Bizim təbliğ etdiyimiz dünyəvilik bizim seçimimizdir, xalqın iradəsidir. Bizim təbliğ etdiyimiz müasirlik Azərbaycan xalqının seçimidir, milli ideologiyamızın tələbidir.
Bizim təbliğ etdiyimiz milli birlik bizim dövlətimizin, millətimizin inkişafının əsasıdır. Siz isə başqa şey təbliğ edirsiniz - dini birlik, islami dəyərlər əsasında idarə olunmaq, yaşamaq, fəaliyyət göstərmək, dünya ilə bu dəyərlər əsasında münasibətlər qurmaq.
Buna görə də sizin mətbuatınız, informasiya sisteminiz bizim dəyərlərə hörmətlə yanaşmalıdır, onu dəyişməyə cəhd göstərməməlidir, bizimki də sizinkini dəyişməyə cəhd göstərməməlidir. Cəhdlər bizi qarşıdurmaya aparır və bu, son iki ildə də müşahidə olunur.
Ayrı-ayrı KİV-lərdə süni şəkildə Azərbaycanda ümummilli hicab əməliyyatına keçmə tədbirləri var, ümummilli Məhərrəmlik tədbirlərində vay-şivən qoparmaq, Məhərrəmliyin radikal proseslərini həyata keçirmək və s. Açıq bəyan etdim - bir milyarddan artıq müsəlman var, bunların nə qədəri hicabda gəzir? Maksimum üç-beş faizi. Məgər qalanları müsəlman deyilmi? Müsəlmandır. Məgər hicabda gəzməyən türklər, iordaniyalılar və digər müsəlmanlığın əsasında duran ərəblər müsəlman deyilmi? Müsəlmanlıq məgər hicablamı ölçülür? Bu məsələlər bütün İrandakı görüşlərdə açıq-aşkar müzakirə mövzusu oldu və qarşı tərəf də mənim fikirlərimlə, arqumentlərimlə tamamilə razı olduğunu bildirdi.
Ona görə də belə razılaşma əldə olundu ki, biz bir-birimizin dəyərlərinə, seçiminə, xalqlarımızın iradəsinə hörmətlə yanaşaq və bu hörmət bütün sahələrdə olduğu kimi, KİV sahəsində də gözlənilsin.
- Siz görüşlərdə hər iki ölkənin informasiya məkanında bir-birinə hörmətlə yanaşılmalı olduğunu demisiniz və İran kütləvi informasiya vasitələrinin antiazərbaycan təbliğatının dayandırılmasının zəruriliyini vurğulamısınız. Sizcə, nəticəsi necə olacaq?
- Dövlət səviyyəsində nə Azərbaycanda antiiran təbliğatı, nə də İranda antiazərbaycan təbliğatı gedir. Azərbaycan dövləti, eyni zamanda, İran tərəfi də hər zaman ikitərəfli, çoxtərəfli görüşlərdə bəyan edir ki, dost, qardaş münasibətlərimiz, müştərək tariximiz var, müştərək mədəniyyəti, dini bölüşürük, ona görə də bir-birimizə dəstək verməliyik.
Amma münasibətlər təkcə dövlətlərin bəyanatı və onların bu məsələlərə yanaşması üzərində qurulmayıb. Bilirsiniz ki, İran cəmiyyəti də, Azərbaycan cəmiyyəti də ayrı-ayrı ictimai siyasi dairələrdən, siniflərdən, təbəqələrdən, qruplardan ibarətdir və bu qruplar da müəyyən siyasi təsir imkanına malikdir və təşkil olunub.
Məsələn, İranın bütün ideoloji həyatı, ictimai-siyasi mühiti, idarəçiliyi islam normaları üzərində qurulub və islam normalarına əməl olunmasına da ruhaniyyət və onun yaratdığı strukturlar nəzarət edir.
Biz buna hörmətlə yanaşırıq. Azərbaycanda isə vətəndaş cəmiyyəti mövcuddur. Vətəndaş cəmiyyətinin institutları var, siyasi partiyalar, ictimai təşkilatlar, birliklər, müxtəlif təbəqələr var və bizim də siyasətimizə bunlar təsir edir.
Onların digər məsələlərə münasibəti, açıqlamaları təsir edir. Bu təsir həm seçkilərdə, həm də ümumi dialoqlarda, görüşlərdə özünü göstərir. İranda və Azərbaycanda həmin bu dairələrin bəzən ayrı-ayrı bəyanatları və açıqlamaları olur.
Məsələn, İranda hər hansı bir dini xadimin, ruhaniyyətin yüksək təbəqəli və ya aşağı təbəqəli nümayəndəsinin müxtəlif açıqlamaları ola bilər. Azərbaycanda isə tarixçi alim, politoloqun mövqeyi ola bilər.
Əlbəttə, Azərbaycan cəmiyyəti demokratikdir - burada hamıya eyni cür hərəkət etməyi yalnız tövsiyə edə bilərik, məcbur edə bilmərik. Eyni zamanda, İranda da onlar iddialıdırlar ki, onların da cəmiyyətində azad fikirlilik var, insanlar öz fikirlərini söyləyir - bir ayətullah qərar çıxarırsa, bu qərar mütləq şəkildə dini dəyərlərə söykənir.
Bu, dövlət münasibəti deyil. Belə müəyyən açıqlamalar olur. Bu açıqlamalar bəzən antiazərbaycan mahiyyəti daşıyır, bəzən bizimkilərdə də antiiran mahiyyəti daşıyır. Bu ayrı-ayrı açıqlamalara dözmək lazımdır.
Bu normaldır, çünki cəmiyyətdə nə qədər insan varsa, o qədər də fikir var. Amma bu dövlət siyasətinə çevrilsə, bunun qarşısı alınmalıdır. Mənim ora gedişimin əsas məqsədi ondan ibarət idi ki, ölkənin ayrı-ayrı vətəndaşları, qurumları, mətbuat orqanlarının verdiyi açıqlamalar ümumi tendensiyaya çevrilməsin və bu tendensiya bizim dövlətlərarası münasibətlərə təsir etməsin.
Ən çox biz narahatıq ki, ayətullahlar çağırış edir, İranda ayrı-ayrı dairələr Azərbaycanın daxili həyatına müdaxilə edir, İran da hesab edir ki, bizdə də belələri var. İranın və Azərbaycanın müştərək tarixini təhrif etməyə və təftiş etməyə çalışan insanlar orada da, burada da var.
Orada bəzən Azərbaycanın tarixi şəhərləri, tarixi ilə bağlı müəyyən antiazərbaycan təbliğatı aparılır, bəzən bizdə də belə hallar olur. Söhbət ondan gedir ki, bunlar ümumi tendensiyaya çevrilməməlidir və dövlətlərarası münasibətlərə təsir etməməlidir.
- Bəzi məlumatlara görə, görüşlərin nəticələrindən biri olaraq, Azərbaycan və İran ölkələrin efir məkanına müdaxilənin qarşısının alınmasını nəzərdə tutan yeni protokol hazırlayır. Bu protokolda hansı məsələlərin öz əksini tapacağı gözlənilir?
- Bilirsiniz ki, sərhədboyu yayımla bağlı beynəlxalq konvensiya mövcuddur. Beynəlxalq Telekommunikasiya Təşkilatı dövlətlərarası sərhədboyu tezliklər, kanallar, onların əhatə dairəsi, gücü və digər məsələləri nizamlayır.
Məsələn, deyək ki, Azərbaycan İranla sərhəd bölgəsində bir ötürücü quraşdırmaq istəyirsə - bu, telefon, radio, televiziya ötürücüsü ola bilər - mütləq şəkildə həmin beynəlxalq quruma məlumat verir. Bu beynəlxalq qurum sərhəddə olan digər dövlətlə bunu razılaşdırır. Həmin ölkə onun gücünü, hara qədər keçməsini bilir.
Əlbəttə, dalğa elə bir şeydir ki, onu düz sərhəddə dayandıra bilməzsən, onun müəyyən əhatə dairəsi var. Amma beynəlxalq qurumun tələbi ondan ibarətdir ki, həmin dalğa öz ərazisində əhalinin bu və ya digər xidmətini təmin etmək məqsədilə qurulsun. Deməli onun üzü öz ərazisinə çevrilməlidir. Onun gücü də hesablanmalıdır ki, qarşı ölkənin ərazisinə çox keçməsin.
Amma müəyyən məsafəyə qədər keçə bilər. Bu normalar gözləniləndən sonra Beynəlxalq Telekommunikasiya Təşkilatı həmin tezliyi qeydiyyata alır və hər iki tərəf buna razılıq verir. Qarşı tərəfin etirazı olursa, tezlik qeydiyyata alınmır və bununla bağlı ölkəyə təklif verilir ki, buna yenidən bax, düzəlt və qarşı tərəflə razılaşdır.
Son zamanlar Beynəlxalq Telekommunikasiya Təşkilatının tələblərini əsasən çox məsələlərdə tam yerinə yetirmişik. İran tərəfi də bizimlə görüşdə iddia etdi ki, onlar da beynəlxalq qurumun tələblərini tam yerinə yetiriblər.
Amma siz özünüz də görürsünüz ki, Qəbələ ilə İran arasında 500-600 kilometr məsafə var. Bəzən Qəbələyə İranın dalğaları gəlib çatır. Bakı şəhəri dəniz sahilində yerləşən şəhərdir. Başa düşürəm ki, dəniz üzərindən dalğa birbaşa gələ bilər. Bizim dalğalar da Rəştə, Təbrizə, Ərdəbilə gedir.
Amma söhbət ondan gedir ki, burada iki məsələ var. Birincisi, bizim dalğa onların ərazisinə gedir və öz ərazimizdə yayılır. Bu, ideoloji cəhətdən arzuolunmaz ola bilər. İkinci məsələ, onların daxilində teleradio yayımına maneə olur.
Məsələn, Naxçıvan Muxtar Respublikasının ərazisində bu dəqiqə yerli televiziya və radiolara xışıltısız, səs-küysüz, təmiz yayımla baxmaq mümkün deyil. Nəyə görə mümkün deyil? Çünki İran tərəfindən buna maneçilik törədilir.
Nəyə görə maneçilik törədilir? Onlar Naxçıvan MR-də yayılan tezliklərin İran ərazisinə müdaxiləsinin qarşısını almaq istəyirlər. Halbuki, bu, müdafiə məqsədilə qoyulmayıb, Naxçıvanın təminatı üçün qoyulub, amma o tərəfə də keçir. Bu məsələlərin nizamlanması üçün mütləq şəkildə müştərək bir qrup olmalıdır.
Biz orada qərara gəldik ki, belə bir müştərək qrup yaradaq, bizim rabitə mütəxəssisləri ilə, bizim Teleradio İstehsalat Birliyi ilə onların rabitə mütəxəssisləri və müvafiq qurumları birgə və mütəmadi olaraq sərhəd boyu yaranan narazılıqları, narahatlıqları, bir-birinə olan qarşılıqlı iradları yoxlasınlar və ortaq bir nöqtəyə gəlsinlər.
Çünki belə davam edə bilməz. Və yoxlasınlar, məsələn, İranın ötürücüləri İran əhalisinin təminatlarını ödəmək məqsədilə qurulub, yoxsa Azərbaycanda təxribat törətmək məqsədi ilə. Azərbaycan ötürücüləri Azərbaycan əhalisinin təminatını ödəmək məqsədilə qurulub, yaxud da İranda təxribat törətmək məqsədilə.
Onlar ortaq bir nöqtəyə gələndən sonra bizim dövlətlərimizin iradəsinə - biz dost olmaq istəyirik, mehriban qonşuluq münasibətlərini saxlamaq istəyirik - söykənərək, məsələni buna uyğun olaraq tənzimləməlidirlər.
- İki ölkə mətbuatının birgə sərgisinin keçirilməsi də müzakirə mövzusu olub. Bununla bağlı hansı razılaşma əldə olundu və ilk sərginin keçirilməsinin təxmini vaxtı müəyyənləşdirildimi?
- İranın mədəniyyət və islami irşad nazirinin mətbuat məsələləri üzrə müavini Məhəmmədcəfər Məhəmmədzadə ilə görüşdə onlar məsələ qaldırdılar ki, bu yaxınlarda İranda sərgi keçirdik, orada yalnız Trend İnformasiya Agentliyi təmsil olundu.
Müvafiq olaraq sual verdim: Siz kimə dəvətnamə göndərmişdiniz? Bəlli oldu ki, ancaq Trend-ə dəvətnamə göndəriblər, elə Trend də gedib. Belə çıxdı ki, İran tərəfi özü maraqlı olmur ki, Azərbaycanın mətbuat orqanları onların sərgilərində iştirak etsin.
Bu zaman mən təklif verdim ki, Azərbaycan mətbuat sahəsində ikitərəfli sərgilər keçirsin. Bəyan etdim ki, Azərbaycan həm çoxtərəfli, həm də ikitərəfli sərgilər, konfranslar, seminarlar keçirməyə, informasiya mübadiləsi həyata keçirməyə hazırdır.
Görüşdə Azərbaycanın İran televiziyalarının imkanlarından, İranın Azərbaycan televiziyalarının imkanlarından istifadə etməsi, qarşılıqlı istifadənin yolunu tapmaq, konseptual birgə fəaliyyət haqqında təkliflər hazırlamaq və gələcəkdə bunları müzakirə etmək kimi təkliflər səsləndirildi. Düşünürəm ki, biz bu təklifləri dəyərləndirəcəyik.
- Görüşlərdən, müzakirələrdən sonra iki ölkə arasında mətbuat və digər sahədə əməkdaşlığın inkişaf perspektivlərini necə görürsünüz?
- Hər şey səmimiyyətdən asılıdır. Bizim danışıqlarımız tam səmimi notlar üzərində qurulmuşdu və ürəyimizdə nə var idisə açdıq, tam ortaya qoyduq, müzakirə etdik. Hər iki tərəf də səmimi müzakirələrdə axıra qədər səmimi davranış nümayiş etdirdi. Amma bundan sonra necə olacaq? Bundan sonra Azərbaycanda və İranda bizim bu səmimi söhbətimiz nəyə gətirib çıxaracaq? Bunu görəcəyik.
Biz orada bu münasibətləri sənədləşdirib imzaladıq, amma ortaya səmimi bir maraq qoyduq. Məsələn, ən çox orada "Səhər" televiziyası məsələsini qaldırmışdım. Bilirsiniz ki, "Səhər" televiziyası İranda xüsusilə Azərbaycan üçün hazırlanıb və Azərbaycanda yayımlanan televiziyadır.
Dünyada belə şeylər artıq o vaxt sosializm-kapitalizm qarşıdurması dövründə qalıb. İndi bu "Səhər" televiziyası nəyə gərəkdir? Əgər Azərbaycanda ictimai rəyə təsir etmək istəyirsə - bu normal hal deyil - onda gərək biz də bir dənə "Axşam" yaradaq, üzünü İrana çevirək.
Və yaxud, əgər "Səhər" doğurdan da Azərbaycan xalqına islamı təbliğ etmək istəyirsə, İran mədəniyyətini, mənəviyyatını təbliğ etmək istəyirsə, Azərbaycan dilində səlis verilişlər verib Azərbaycandilli əhaliyə nəyisə öyrətmək istəyirsə, buyursun, bunu həm İrana, həm də Azərbaycana yaysın. Nəyə görə o verilişə bakılı, lənkəranlı baxmalıdır, ərdəbilli, zəncanlı, xoylu baxmamalıdır? Bunun əks effektindən qorxurlarsa, o zaman bizdə də yaymasınlar.
Yox, əgər bunu xoş məqsədlər üçün edirlərsə, buyursunlar, bu Azərbaycandilli televiziyanı bütün Azərbaycana yaysınlar - həm İran Azərbaycanına, həm də bizim müstəqil Azərbaycan dövlətinin ərazisinə yaysınlar. Belə məsələlər qaldırıldı - əlbəttə, çətin məsələdir - o qədər xərc qoyaraq belə televiziya yaradıblar və onun qarşısına konsepsiya qoyublar.
İndiki münasibətlər tələb edir ki, mütləq şəkildə həmin televiziya əvvəlki mövqelərindən çəkilsin. Bu televiziya iki dövlətin münasibətlərinin yaxşılaşmasına xidmət etməlidir və hər iki tərəfdə yayılmalıdır, belə olmayan halda heç kimə lazım deyil.
Əlbəttə, hər şey gələcək səmimi münasibətlərdən asılıdır. Səmimiyyət olacaqsa, bir-birimizin müstəqil dövlət maraqlarına, hüquqlarına həqiqətən hörmətlə yanaşacağıqsa, hər şey yaxşı gedəcək. Yanaşmasaq, düşünürəm ki, yenə bu münasibətlər pozulacaq.
- Bu istiqamətdə qarşılıqlı görüşlər davam etdiriləcəkmi?
- Bəli, mən bunun davamı olaraq İranın mətbuat-informasiya sisteminə rəhbərlik edən şəxsləri növbəti ildə Azərbaycana dəvət etməyə hazırlaşıram.
Bu müzakirələri burada da keçirək, mətbuat orqanlarının onlarla görüşlərini təşkil edək, İranın mətbuat orqanları ilə Azərbaycan mətbuat orqanları arasında bir körpü yaradaq, qarşılıqlı seminarlar, gediş-gəlişlər, İran həyatının Azərbaycanda təbliği, Azərbaycan yeniliklərinin İranda təbliğini təşkil edək. Yəni mən istəyirəm ki, iranlılar Azərbaycanın yaxşı nəyi yarsa İranda göstərsinlər, biz də İranın yaxşı nəyi varsa göstərək. Mən istəyirəm ki, iranlılar Şuşada dağılmış Şah Abbas məscidini göstərsinlər.
Biz də indiyədək İrana qarşı təhdidlərdə İrana dəymiş ziyanı göstərək. Biz İranın, onlar da bizim inkişafımızı göstərsinlər. Onlar Azərbaycanda, biz də orada nöqsan axtarmayaq. Əlbəttə, nöqsandan da qaçmaq mümkün deyil, amma bunu məqsədyönlü şəkildə düşünərək axtaranda, bu, münasibətlərimizə mənfi təsir göstərir.
06/12/11 Çap et