Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC” tutumlu akkumulyatora malik iki yeni smartfonunu təqdim edib


Tayvanın “HTC” şirkəti “Android 10” sisteminin idarəetməsi altında işləyən iki yeni smartfonunu təqdim edib. Şirkətin yenilənmiş portfoliosuna “U20” və daha ucuz olan “Desire 20 Pro” modelləri daxil edilib. Hər iki qurğu “Snapdragon” prosessoru və əsas kamera üçün qabaqcıl sensorlar dəsti ilə təchiz edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “HTC U20 5G” smartfonu  2400x1800 piksel təsvir ölçülü 6,8 düymlük ekrana malikdir. “Snapdragon 765G” mobil platforması əsasında işləyən smartfon 8 QB əməli yaddaşla təchiz edilib. Qurğunun arxa tərəfində 4 sensordan ibarət əsas kamera modulu yerləşdirilib: 48 mp, 8 mp (genişbucaqlı optika), 2 mp (makroobyektiv və 2 mp (dərinlik sensoru). Qurğu 32 mp-lik ön kameraya malikdir.
 
İstehsalçı biometrik avtorizasiya üsulu kimi cihazın arxa tərəfində yerləşdirilmiş barmaq izləri skanerinə üstünlük verib. Model 5000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. “HTC U20 5G” smartfonunun qiyməti 640 dollar təşkil edir.

 
Brendin ikinci yeniliyi “HTC Desire 20 Pro” adlı cihazdır. 6,5 düymlük ekrana malik model 8 nüvəli “Snapdragon 665” prosessoru  ilə təchiz edilib. Bu halda smartfon “U20 5G” modelində olduğu kimi, eyni  kamera dəsti və akkumulyatorla təchiz edilib. 128 QB-lıq daxili daşıyıcı aparatın daha bir özəlliyi olub. “HTC Desire 20 Pro” smartfonunun qiyməti 303 dollar təşkil edəcək.
 
İstehsalçı hər iki yeni smartfonun satışa çıxarılma tarixini daha sonra elan edəcək.
 
Emil Hüseynov






16/06/20    Çap et