Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsi, eyni zamanda sosial qayğıya ehtiyacı olan ailəyə pulsuz "simsiz rabitə" xidməti ilə dəstək olub.
Sosial aksiyanın keçirilməsində məqsəd "COVID-19" pandemiyası ilə mübarizə şəraitində bir qrup insanın telefon və internet xidmətlərinə olan tələbatını ödəməkdir.
Aksiya zamanı rabitə infrastrukturu məhdud Bakıətrafı ərazilərdə yaşayan müvafiq kateqoriyalı müraciətçilərə "simsiz rabitə" xidmətini dəstəkləyən avadanlıqlar hədiyyə edilib, onların qısa zamanda telekommunikasiya xidmətlərinə qoşulması təmin olunub.
Qeyd edək ki, "Baktelecom" Abşeron yarımadasının bütün kəndlərində və paytaxtın bəzi məhdud infrastrukturlu ərazilərində rabitə xidmətləri ilə təminat çətinliyini aradan qaldırmaq üçün "LTE – Long Term Evolution" texnologiyasını tətbiq edir. Hazırda 10 minə yaxın abunəçiyə bu texnologiya üzərindən telekommunikasiya xidmətləri göstərilir. Xidmətə qoşulmaq üçün istifadəçilər simsiz şəbəkəni dəstəkləyən xüsusi qəbuledici avadanlıq əldə etməlidirlər.