2020-ci ilin birinci rübündə kibertəhlükəsizlik sahəsinə yatırılan qlobal investisiyalar təxminən 10% artaraq 10,4 milyard dollara yaxınlaşıb. Ən yüksək artım “Endpoint Security” seqmentində qeydə alınıb. Artım “COVID-19” pandemiyasının başlanğıc mərhələsində distant işçilər üçün kibertəhlükəsizliyin təmini üzrə tədbirlər görən təşkilatlar tərəfindən xərclərin artırılması fonunda müşahidə olunub.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, müsbət dinamika bazarın digər seqmentləri üçün də xarakterik olub. Məsələn, şəbəkə təhlükəsizliyinin təmini üçün həllərə xərclər illik müqayisədə 4% artaraq 3,7 milyard dollar təşkil edib. İnternet təhlükəsizlik vasitələrinə və elektron poçt sistemlərinin müdafiəsinə yatırılan investisiyalar 13,8% yüksələrək 2,3 milyard dollar olub. Bundan başqa, məlumatların mühafizəsi üçün həllərin satışı 11,4% artaraq 500 milyon dollar olub, kibertəhlükəsizlik sistemlərində boşluqların aşkar edilməsi üçün analitik alətlər seqmentində 11,4% artım və 2,3 milyard gəlir qeydə alınıb.
Şirkətlər arasında qüvvələr nisbətinə gəldikdə isə “Cisco” kibermüdafiə avadanlıqları üzrə ən böyük təchizatçı olub. 2020-ci ilin yanvar-mart aylarında kibertəhlükəsizlik üçün həllərə investisiya edilmiş qlobal məbləğin 9%-dən çoxu onun bazar payına düşüb. “Palo Alto Networks” şirkəti ikinci yeri tutub. İlk beşlikdə, həmçinin “Fortinet” (5,9%), “Check Point” (5,4%) və “Symantec” (4,7%) şirkətləri yer alıblar.
Emil Hüseynov