Çinin “Realme” şirkəti ən yeni “MediaTek Helio G35” prosessoru ilə təchiz edilən “C11” smartfonunu rəsmən təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qeyd olunan çipə 2,3 QHs takt tezlikli səkkiz “Cortex-A53” hesablama nüvəsi və “IMG PowerVR GE8320 GPU” qrafik sürətləndiricisi daxildir. Prosessor “Realme C11” smartfonunun tərkibində 2 giqabaytlıq “LPDDR4x RAM” operativ yaddaşı ilə birlikdə işləyir.
Məlumata görə, yeni qurğu 1600 × 720 piksel təsvir ölçülü 6,52 düym diaqonallı və 20:9 tərəf nisbətli “HD plus” displeyi ilə təchiz olunub. Smartfonu zədələnmələrdən möhkəm “Corning Gorilla Glass 3 plus” şüşəsi qoruyur.
Bildirilir ki, 5 meqapikselli ön kamera ekranda kiçik kəsik şəklində yerləşir. Arxada 13 və 2 milyon pikselli sensorlar əsasında qoşa kamera quraşdırılıb. Daktiloskopik sensor isə nəzərdə tutulmayıb.
Smartfon 32 giqabayt (microSD kartı ilə genişləndirmək mümkündür) tutumlu quraşdırılmış yaddaş, “Wi-Fi 802.11b/g/n” və “Bluetooth 5” simsiz rabitə adapterləri, “GPS”, “GLONASS” və “Beidou” qəbulediciləri və “FM” tüner ilə təchiz edilib. Enerji 5 min milliamper/saat tutumlu güclü akkumulyator tərəfindən təmin olunur.
Smartfona “Realme UI” proqram təminatlı “Android 10” əməliyyat sistemi quraşdırılıb. Təxmini qiyməti 100 dollar təşkil edəcək “Realme C11” smartfonunun satışlarına iyulun 7-dən etibarən başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev