"Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qabaqcıl smartfonların qiyməti bahalaşacaq. Bahalaşma "Qualcomm" prosessorlarının qiymətinin yüksək olması ilə əlaqələndirilir. Bu barədə Hindistanın "Digit" nəşrinin məlumatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, Cənubi Koreyanın tematik forumlarında dərc edilən məlumata görə, yeni nəsil "Snapdragon 875" prosessoru 250 dollar dəyərində qiymətləndiriləcək. Bununla yanaşı, əksər qabaqcıl "Android" qurğularında istifadə edilən "Snapdragon 865" çipinin dəyəri təxminən 150-160 dollar təşkil edəcək.
Bildirilir ki, bu, telefon istehsalında maya dəyərinin bahalaşmasına təsir edəcək və bazarda qiymət artımına səbəb olacaq. Jurnalistlərin fikrincə, sonuncu istehlakçı qiymət artımını satışa "Snapdragon 875" əsasında çoxlu smartfonların çıxarılacağı 2021-ci ildə hiss edəcək. Mütəxəssislər qeyd edib ki, hər qurğu istehsalçısı üçün yeni çipin qiyməti sifariş həcmindən asılı olsa da, prosessorlar üçün qiymətlər istənilən halda yüksək olacaq.
"Digit" müəllifləri prosessorların qiymətinin bahalaşmasını onunla izah edirlər ki, smartfon istehsalçıları bilavasitə çiplərlə yanaşı, əlavə detal və mikrosxemlər, məsələn, "5G" modemlər və radiotezlik komponentlərini almaq məcburiyyətində qalacaqlar. Bundan başqa, çiplərin bahalaşması "Qualcomm" şirkətinin bazarın bu seqmentində liderlik mövqeyi ilə əlaqələndirilir.
Tayvan hesabatına görə, hazırda 5 nanometrlik texnoloji proses üzərində qurulan "Snapdragon 875" prosessorunun kütləvi istehsalına başlanılıb. Çipin "Cortex-A77" nüvəsi ilə müqayisədə məlumat emalı məhsuldarlığını 30 faiz artıracaq "Cortex-X1 Super Core" komponenti ilə təchiz ediləcəyi gözlənilir. "Snapdragon 875" çipinin nümayişi dekabra planlaşdırılır.
Nizam Nuriyev