Orta səviyyəli "Motorola One Fusion" smartfonunun rəsmi təqdimatı keçirilib.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, qurğu "Qualcomm Snapdragon 710" prosessoru ilə təchiz edilib. Bu həll 2,2 QHs takt tezlikli səkkiz "Kryo 360" nüvəsini, "Adreno 616" qrafik sürətləndiricisini və "Artificial Intelligence (AI) Engine" süni intellekt proqram sürətləndiricisini birləşdirir. Həmçinin "4G/LTE" mobil şəbəkələrində iş dəstəklənir.
Smartfon "HD plus" formatlı 6,5 düym diaqonallı ekrana malikdir. Ekranın yuxarı hissəsində kiçik kəsikdə 8 meqapikselli ön kamera quraşdırılıb. Arxa kamera dördkomponentli konfiqurasiyaya malikdir: 48 meqapikselli əsas sensor, ultrageniş optikalı 8 meqapikselli blok, 5 meqapikselli makromodul və səhnənin dərinliyi haqqında informasiyanın toplanılması üçün 2 meqapikselli sensor.
Məlumata görə, "Motorola One Fusion" 4 giqabaytlıq operativ yaddaş, 64 giqabaytlıq quraşdırılmış yaddaş, 5 min milliamper/saat tutumlu akkumulyator, eləcə də arxa daktiloskopik skaner və "Google Assistant" intellektual köməkçisinin çağırışı üçün ayrıca düymə ilə təchiz olunub.
Smartfon "My UX" proqram təminatlı "Android 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Artıq bir neçə ölkədə satışlarına başlanılan "Motorola One Fusion" smartfonunun təxmini qiyməti 250 dollar təşkil edir.
Nizam Nuriyev