“Thomson” şirkəti “Oath Pro” seriyalı yeni smart televizorların satışlarına başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Thomson Oath Pro” seriyasına “4К” formatını (3840 × 2160 piksel) dəstəkləyən 43, 55 və 65 düym diaqonallı üç model daxildir. Bundan başqa, “Dolby Digital Plus”, “Dolby Vision” və “HDR10” texnologiyalarının dəstəyi nəzərdə tutulub.
Məlumata görə, minimum çərçivəsiz dizayna malik yeni qurğuların əsasını dörd hesablama nüvəsi ilə təchiz edilən “MediaTek” prosessoru və “Mali-450” qrafik sürətləndiricisi təşkil edir. Operativ yaddaş tutumu 1,75, quraşdırılmış yaddaş isə 8 giqabayta bərabərdir.
Simsiz rabitənin təmini “Bluetooth 5.0” kontrolleri və 2,4 QHs tezliyində işləyən “Wi-Fi” adapteri tərəfindən həyata keçirilir. “Dolby Audio” dəstəkli audiosistemin ümumi gücü 30 vatt təşkil edir. Həmçinin üç “HDMI” interfeysi və iki “USB” portu quraşdırılıb.
Proqram platforması qismində “Android 9.0” əməliyyat sistemi tətbiq edilib. İstifadəçilər “Google Assistant” intellektual səsli köməkçisinin imkanlarından yararlana bilərlər.
43 düym diaqonallı model 330 dollar, 55 və 65 düymlük versiyalar isə müvafiq olaraq 440 və 710 dollar qiymətləndirilib.
Qurğuların bir neçə gün əvvəl təqdim edilən “OnePlus TV U” və “TV Y” televizorları ilə rəqabət aparacağı gözlənilir.
Nizam Nuriyev