Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın ucqar dağ kəndləri sürətli genişzolaqlı internet xidmətlərinə qoşulacaq
Yaxın vaxtlarda Azərbaycanın ucqar dağ kəndləri sürətli genişzolaqlı internet xidmətlərinə qoşulacaq.
Bu barədə “ictnews.az”-a məlumat verən ”Aztelekom”İB-nin baş direktoru Məhəmməd Məmmədov bildirdi ki, bütün kənd sakinlərinin internet xidmətlərindən yüksək keyfiyyətlə istifadə etməsi üçün yeni kompleks layihə həyata keçirilir.
“Yeni layihənin həyata keçirilməsi ilə kəndlərdə də, şəhərlərdə olduğu kimi, bütün multimedia xidmətlərini təqdim edə biləcəyik”.
Baş direktor bildirdi ki, ucqar yaşayış məntəqələrinin optik kabellərlə mərkəzə birləşməsi nəticəsində genişzolaqlı internet xidmətlərinə qoşulan sakinlərin sayının bir neçə dəfə artmasına şərait yaranacaq ki, bu da Azərbaycanın 3500 kəndində şəhər rabitəsi ilə kənd rabitəsi arasında fərqin tamamilə aradan qaldırılması ilə yanaşı, ölkəmizin ümumdünya göstəricisində bir neçə pillə irəliləməsinə şərait yaradacaq.
Qeyd edək ki, hazırda ölkəmizdə internet istifadəçilərin sayı 60 faizdir və bunun yarısı genişzolaqlı internetdən istifadə edə bilir.
08/12/11 Çap et