Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi Mi Band 4” dünyada ən populyar fitnes bilərzikdir


Çinin “Xiaomi” şirkətinin rəsmi “Twitter” hesabında “Mi Band 4” fitnes trekerinin daşınan qurğular kateqoriyasında ən çox tələb olunan bilərzik olması barədə məlumat dərc edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, istehsalçının bəyanatı “Canalys” analitik şirkəti tərəfindən 2019-cu ilin üçüncü rübündən bu ilin birinci rübü ərzində toplanılan statistik məlumatlara əsaslanır.
 
Bildirilir ki, orqanizmin fiziki aktivliyi və həyati fəaliyyəti haqqında məlumat toplamaq üçün nəzərdə tutulan “Xiaomi” fitnes qolbaqları ilk nəsildən yüksək populyarlıq qazanmağa başlayıb.
 
Belə ki, orijinal “Mi Band” trekerinin satış həcmi satışa çıxarıldıqdan doqquz ay sonra 1 milyon ədədə çatıb. “Mi Band 2” bilərziyi bu nəticəyə satışa çıxarıldıqdan iki ay, “Mi Band 3” qurğusu 17 gün sonra nail olub.  
 
Dünyanın ən populyar fitnes bilərziyi seçilən “Mi Band 4” isə satışa çıxarıldıqdan 8 gün sonra 1 milyon satış həcmi ilə bu uğura imza atıb.
 
Bununla yanaşı, ötən ay “NFC” texnologiyasını dəstəkləyən “Mi Band 5” fitnes qolbağı nümayiş olunub. Qurğu 1,2 düymlük sensor displey, ürək döyüntüsü sensoru, maqnit enerjidoldurma sistemi və “Bluetooth 5.0” simsiz rabitə kontrolleri ilə təchiz olunub. Müşahidəçilərin fikrincə, yeni qurğu böyük uğur qazanacaq.
 
Nizam Nuriyev





11/07/20    Çap et