“Apple” şirkətinin rəhbəri Tim Kuk hazırda informasiya texnologiyaları sahəsində ən yüksək əməkhaqqı alan icraçı direktordur. Belə ki, ötən il onun qazancı 133 milyon dollar təşkil edib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Bloomberg” nəşrinin məlumatına görə, bu, o deməkdir ki, T.Kuk bütün icraçı direktorlar arasında ikinci yeri tutur. Birinci pillədə 2019-cu ildə 595 milyon dollar qazanan “Tesla” şirkətinin icraçı direktoru İlon Mask qərarlaşıb.
“Apple” rəhbərinin İT sahəsi üzrə rəqiblərinə gəldikdə, ona daha çox yaxın ötən il 99 milyon dollar əldə edən “Intel” şirkətinin icraçı direktoru Robert Svondur. Sonrakı mövqedə 86 milyon dollar əməkhaqqı ilə “Alphabet” rəhbəri Sundar Piçay yer alıb. “Microsoft” korporasiyasının icraçı direktoru Satya Nadella 2019-cu ildə 77 milyon dollar əməkhaqqı ilə 9-cu yeri tutub.
Bildirilir ki, hazırda “Apple” şirkətinin dünyanın ən bahalı şirkəti olmasına görə T.Kukun ən yüksək əməkhaqqı alması təəccüb doğurmur. Onun 2019-cu ildə aldığı 122 milyon dollar səhmlər şəklində mükafatlar sayəsində əldə olunub, illik bonus isə 7,6 milyon dollar təşkil edib.
2019-cu il üzrə ən yüksək əməkhaqqı alan rəhbərlər siyahısına başçılıq edən İlon Mask tərəfindən əldə edilən bütün vəsaitlər əlavə mükafatlardan daxil olub. “Microsoft” rəhbəri S.Nadella səhm şəklində 64 milyon dollar, 10,7 milyon dollar – şirkətin 2018-ci ildəki nəticələrinə görə bonus kimi əldə edib.
Ümumilikdə İT sənayesi rəhbərləri bu siyahılarda yüksək yerlər tutmaqda davam edirlər və “Bloomberg”in məlumatları ilk onluqda yer alan 10 icraçı direktorun dördünün bu sektoru təmsil etməsini göstərir.
Məlumata görə, T. Kuk tərəfindən 2019-cu ildə əldə edilən bütün vəsaitlər ianə ediləcək.
Nizam Nuriyev