"@Evleaks" təxəllüsü ilə tanınan amerikalı bloger Evan Blass Çinin "Lenovo" şirkətinin "Yoga X" adlı hibrid kompüter qurğusu üzərində çalışması barədə informasiya yayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, yeni qurğu "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən planşet və noutbuk, smartfon və s. ilə istifadə üçün nəzərdə tutulan portativ monitor funksiyalarını birləşdirəcək.
Məlumata görə, planşet rejimindən istifadə zamanı istifadəçilər istənilən "Android" proqramları ilə işləyə, multimedia materiallarını işə sala, internet saytlarına baxa və s. əməliyyatları edə biləcəklər.
Monitor rejiminin aktivləşdirilməsi üçün qurğunu siqnal mənbəyinə qoşaraq "micro-HDMI" kimi mövcud interfeyslərdən istifadə etmək lazımdır. Bu halda istifadə edilən "Android" proqramlarının işi avtomatik dayandırılacaq, planşet isə kənar qurğunun görüntüsünü göstərməyə başlayacaq.
"Lenovo Yoga X" qurğunu rahat masa üzərində əlverişli künc bucağı altında yerləşdirməyə imkan verəcək xüsusi altlıqla təchiz ediləcək. Layihələndirilən yeni qurğunun texniki xüsusiyyətləri barədə məlumat verilmir.
Müşahidəçilərin fikrincə, hibrid planşetin rəsmi təqdimatı yaxın vaxtlarda – bu rübün sonunadək keçiriləcək.
Nizam Nuriyev