Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” şirkəti kassiri əvəz edən ərzaq arabası təqdim edib


“Amazon” şirkəti “Dash Cart” adlı "ağıllı" ərzaq arabasını təqdim edib. Alıcı məhsulları arabaya qoyduqdan sonra ödəniş avtomatik olaraq onun bank kartından çıxarılır, yəni kassaya getməyə ehtiyac yoxdur. Yeni texnologiya ilk dəfə “Amazon” şirkətinin Los-Ancelesdə açılacaq mağazasında tətbiq ediləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Dash Cart” arabası müxtəlif elektronika ilə təchiz edilib: sensor ekran, datçiklər və kompüter görmə sisteminə malik kameralar. Sensorlar real vaxt rejimində alıcının səbətə qoyduğu malları və onun miqdarını, həmçinin rəfə geri qaytarılan malları izləyir. Daxili tərəzi kənardan kömək olmadan məhsulları çəkisini təyin etməyə, skaner isə endirim və bonuslardan ibarət kuponları hesablamağa imkan verir. Yekun məbləğ ekranda göstərilir.

 

“Dash Cart” “ağıllı” ərzaq arabasından istifadə etmək üçün alıcıya yalnız “Amazon”un bank kartına bağlanmış proqramı quraşdırılmış smartfon lazımdır. "Ağıllı" arabadan istifadə edən müştərilər kassada növbə gözləmədən xüsusi çıxışdan mağazanı tərk edirlər, pul hesabdan avtomatik çıxarılır və qəbz poçta göndərilir.

 

Emil Hüseynov






15/07/20    Çap et