Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Mozilla VPN” servisi rəsmən istifadəyə verilib


Populyar “Firefox” brauzerini hazırlayan “Mozilla” şirkəti “Windows” və “Android” əməliyyat sistemləri üçün versiyalarda “VPN” servisini rəsmən istifadəyə verib. Hazırda saytların bloklanmasını aradan qaldırmağa və təhlükəsiz bağlantı yaratmağa imkan verən servis altı ölkədə (ABŞ, Böyük Britaniya, Kanada, Yeni Zelandiya, Sinqapur və Malayziya) işə salınıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, yeni “Mozilla” servisi ödənişli əsasda fəaliyyət göstərir. Belə ki, ABŞ-da onun üçün aylıq abunə haqqı 5 dollar təşkil edir. Bundan əvvəl servis ABŞ-da “Firefox” üçün proqram genişlənməsi şəklində daxil olmaqla sınaqdan keçirilib.

 

“Mozilla” nümayəndələrinin sözlərinə görə, “VPN” servisi rəqiblərlə müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, o, əksər hallarda daha az proqram kodu həcminə malik protokoldan istifadə sayəsində internet səhifələrinə tez baxmağa imkan verir. Həmçinin qeyd olunur ki, servis tərəfindən istifadəçi məlumatları toplanmır, saxlanılmır və onlar üçüncü şəxslərə ötürülmür.

 

Gələcəkdə servisin “iOS” (hazırda onun beta versiyası test edilir) və “Mac” əməliyyat sistemləri üçün proqram şəklində buraxılması, eləcə də “Mozilla VPN” əlavəsinin digər ölkələrdə işə salınması planlaşdırılır.

 

Nizam Nuriyev






16/07/20    Çap et