Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Koreyada “TikTok” mobil tətbiqi istifadəçiləri qanunsuz izləməkdə ittiham edilib


Çinin “TikTok” mobil tətbiqi Cənubi Koreyada yaşı 14-dən az olan istifadəçilərdən onların valideynlərinin razılığı olmadan qanunsuz məlumat topladığına görə 155 min dollar məbləğində cərimələnib. Bu haqda iyulun 15-də Cənubi Koreyanın Rabitə Komissiyasına istinadən “The Korea Times” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, komissiyadan məlumat verilib ki, cərimə qərarı "Tik-Tok tərəfindən telekommunikasiyalar haqqında yerli qanunların pozulmasını ortaya çıxaran ətraflı daxili araşdırmaya əsaslanır".

 

Məlumatda deyilir ki, proqram istifadəçilərə xəbər vermədən onların məlumatlarını kənar serverə ötürüb. Tənzimləyici qurum aşkar edib ki, videohostinq 31 may 2017-ci il və 6 dekabr 2019-cu il aralığında proqramda qeydiyyatdan keçmiş yaşı 14-dən aşağı olan ən azı 6007 uşaq haqqında məlumat toplayıb.

 

Bundan başqa, “TikTok” mobil proqramı istifadəçilərin məlumatını onlara xəbərdarlıq etmədən ABŞ-da və Sinqapurda yerləşən serverlərə ötürüb.

 

Tənzimləyici qurum proqrama "bütün aşkar edilmiş problemlərin düzəldilməsi" üçün 30 gün müddət verib. Əgər proqram istifadəçilərin məlumatını qanunsuz toplamağa davam etsə, onda Cənubi Koreyada bloklana bilər.

 

Emil Hüseynov






16/07/20    Çap et