Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya Britaniyada “5G” şəbəkəsini quracaq


Böyük Britaniya hökuməti Çin texnologiyalarından istifadədən imtina etdikdən sonra ölkədə beşinci nəsil mobil rabitə şəbəkəsinin yaradılmasında kömək üçün Yaponiyaya müraciət edib. Bu barədə Yaponiyanın “Nikkei” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, Böyük Britaniyada yeni nəsil mobil rabitə şəbəkəsinin yaradılmasında Çin istehsalçısını Yaponiyanın “NEC” və “Fujitsu” şirkətləri əvəz edə bilər. Nəşr qeyd edir ki, hazırda iki Yaponiya şirkəti “5G” baza stansiyaları bazarında 1 faizlik paya sahibdir. Lakin Böyük Britaniya ilə əməkdaşlığın onlara dünya səviyyəsinə çıxmağa kömək edəcəyi gözlənilir. Dünya “5G” bazarının təxminən 80 faizinə “Huawei”, “Ericsson” və “Nokia” şirkətləri nəzarət edir.

 

Bildirilir ki, iyulun 14-də Böyük Britaniya hökuməti “Huawei” şirkətinə ölkə ərazisində “5G” şəbəkələrinin inkişafı ilə məşğul olmasının qadağan edilməsi ilə bağlı qərar qəbul edib. Yerli şirkətlərə 2021-ci ildən etibarən indiyədək əsas tədarükçü qismində çıxış edən Çin şirkətindən avadanlıq almaq qadağan ediləcək.

 

Qərar üçün əsas kimi “5G” şəbəkəsi istifadəçilərinin fərdi məlumatlarının Çinin xüsusi xidmət orqanlarına ötürülmə ehtimalı göstərilir. Ötən il ABŞ tərəfindən analoji ittihamlar “Huawei” şirkəti üçün sanksiyalara və onunla ABŞ korporasiyalarının əməkdaşlığının qadağan edilməsi ilə nəticələnib.

 

Nizam Nuriyev






20/07/20    Çap et