“Zotac” şirkəti qrafika və videomaterialların emalı, üçölçülü animasiya, virtual reallıq və s. sahələrdə vəzifələrin həlli üçün uyğun olan “Inspire Studio SCF72060S” modelini buraxmaqla kiçik form-faktorlu kompüterlər çeşidini genişləndirib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, yeni qurğunun korpusunun qabaritləri 225 × 203 × 128 millimetrə bərabərdir. Kompakt kompüterdə takt tezliyi 3,0-4,7 giqahers arasında dəyişən səkkiz hesablama (səkkiz axın) nüvəsinə malik “Coffee Lake” nəsilli “Intel Core i7-9700” prosessorundan istifadə edilib. “DDR4” operativ yaddaş tutumu 32 giqabayt təşkil edir.
Minikompüter 8 giqabaytlıq “GDDR6” yaddaşına malik “Zotac Gaming GeForce RTX 2060 Super” diskret qrafik sürətləndiricisi ilə təchiz olunub. Monitorların qoşulması üçün “HDMI 2.0b” çıxışı və üç “DisplayPort 1.4” interfeysi mövcuddur.
Məlumat saxlama alt sistemi 2 terabayt tutumlu 2,5 düymlük sərt diski və 512 giqabaytlıq “M.2 NVMe SSD” bərkcisimli toplayıcısını birləşdirir. Həmçinin “SD/SDHC/SDXC” kartları üçün slot nəzərdə tutulub.
Yeni qurğu “Wi-Fi 6 Killer AX1650” və “Bluetooth 5” simsiz rabitə adapterləri, “Gigabit Ethernet” ikiportlu şəbəkə kontrolleri, beş “USB 3.1 Type-A” portu, bir “USB 3.1 Type-C” portu, qulaqcıq və mikrofon üçün standart çıxışla təchiz olunub.
“Windows 10 Pro” əməliyyat sisteminin tətbiq edildiyi “Zotac Inspire Studio SCF72060S” kompüterinin qiyməti açıqlanmır.
Nizam Nuriyev