Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada “Android 10” sistemi ilə işləyən ən kiçikölçülü smartfon təqdim edilib


“Unihertz” şirkəti müasir smartfonlarda ekranın diaqonalının artırılması trendinin əksinə olaraq miniatür qurğuların istehsalına davam edir. İstehsalçı 2017-ci ildə təqdim edilmiş olduqca yığcam və “Android” sisteminin idarəetməsi altında işləyən “Jelly” smartfonunun yenilənmiş versiyasını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Jelly 2” adlı aparat 480x384 piksel təsvir ölçülü 3 düymlük ekranla təchiz edilib. Bundan başqa, yenilik “MediaTek Helio P60” prosessoru, 6 QB əməli yaddaş və 128 QB daxili yaddaşa (“microSD” yaddaş kartının köməyi ilə artırmaq mümkündür) malikdir. 2000 milliamper/saat tutumlu akkumulyator cihazın avtonom işləməsini təmin edir. Qulaqlıqlar üçün 3,5 mm-lik konnektor nəzərdə tutulub və arxa paneldə barmaq izləri sensoru quraşdırılıb.

 

Modelin daha bir özəlliyi təmassız ödəniş funksiyasından istifadə etməyə imkan verən “NFC” modulu ilə təchiz edilməsidir. Foto və video imkanlar 16 mp-lik əsas kamera və 8 mp-lik ön kamera ilə təmin edilir. Aparat “Android 10” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

 

“Unihertz Jelly 2” smartfonunun qiyməti “Kickstarter” platformasında 129 dollar təşkil edir.

 

Emil Hüseynov






22/07/20    Çap et