Cənubi Koreyanın “Samsung Electronics” şirkəti sentyabrın 2-də onlayn rejimdə yeni məhsulların təqdimatını keçirəcək. Bu barədə şirkətin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, “Life Unstoppable” adlı tədbirdə şirkət mobil telefonlar, daşınan qurğular, televizorlar, audio, eləcə də məişət texnikası sahəsində son texnologiyaları nümayiş etdirəcək.
“Qonaqlar interaktiv virtual dünya vasitəsilə səyahət edərək əyləncə, yaradıcılıq və effektivlik məqsədlərinə xidmət edən yeni “Samsung” məhsullarını görəcəklər”, – məlumatda qeyd olunur.
Qırx beş dəqiqəlik təqdimat zamanı konkret olaraq hansı məhsulların təqdim ediləcəyi barədə məlumat verilmir.
Avqustun 5-də “Samsung Electronics” şirkətinin “Galaxy Unpacked” adlı daha bir tədbiri baş tutacaq. Tədbirdə 5 yeni mobil məhsulun nümayişi nəzərdə tutulur. “Yonhap” agentliyinin məlumatına görə, onların sırasına “Note 20” smartfonu, “Fold 2” və “Flip 5G” açılıb-bükülən smartfonları, “Buds Live” simsiz qulaqcığı və “Watch 3” “ağıllı” saatı daxildir.
Nizam Nuriyev