Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə bu il virtual keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS-2020) çərçivəsində “İKT-dən istifadə zamanı etimad quruculuğu və təhlükəsizlik” mövzusuna həsr olunmuş ilk yüksək səviyyəli siyasi sessiya təşkil edilib.
Virtual sessiyanın keçirilməsində məqsəd informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, xüsusilə koronavirus (COVID-19) pandemiyası dövründə bu vasitələrdən istifadəyə etimad və təhlükəsizlik məsələləri, eləcə də sahə üzrə görülmüş işlər barədə müzakirələrin aparılması olub.
Tədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təmsil edib.
Sessiyada yüksək səviyyəli məruzəçilərdən biri kimi iştirak edən Elmir Vəlizadə çıxışında bildirib ki, hazırda informasiya-kommunikasiya texnologiyaları “COVID-19” pandemiyası ilə mübarizə aparılması, insanların, biznesin, dövlət qurumlarının öz həyat və fəaliyyətlərini təşkil etməsi üçün geniş istifadə edilir.
Nazir müavini Azərbaycanda pandemiyaya qarşı mübarizədə İKT-nin tətbiqi üzrə atılmış addımlar barədə geniş məlumat verib: “İlk növbədə telekommunikasiya infrastrukturunun dayanıqlığı artırılıb. Telekommunikasiya operatorları, mobil operatorlar, internet xidməti təchizatçıları xidmətlərinin keyfiyyətini artırmaqla yanaşı, personalı yoluxmadan qorumaq üçün növbəli və onlayn iş rejiminə keçib. Dövlət orqanlarında yeni informasiya sistemləri yaradılıb, mövcud olan sistemlər əsasında pandemiya vəziyyətinə uyğun xidmətlər tətbiq edilib”.
E.Vəlizadə əlavə edib ki, ölkəmizdə mövcud olan sistemlər qısa bir zamanda biznes qurumlarına iqtisadi dəstəyin, əhaliyə sosial yardımların göstərilməsinə imkan verib. Əhalinin maarifləndirilməsi, operativ məlumatlandırılması üçün xüsusi saytlarla yanaşı, mobil tətbiq də yaradılıb.
Həkimlərə dəstək olmaq üçün klinikalararası videokonfrans sisteminin istifadəyə verildiyini qeyd edən nazir müavini ölkədə yaradılmış videokonfrans platformasının hətta prezidentlər səviyyəsində görüşlərin keçirilməsini mümkün etdiyini diqqətə çatdırıb: “Bu sistem vasitəsilə Azərbaycanın sədr olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının prezidentlər və hökumət rəhbərləri səviyyəsində pandemiyaya həsr olunmuş Zirvə görüşləri təşkil edilib”.
“Belə yüksək səviyyəli görüşlərin keçirilməsi texnologiyalara etibarın və onun təhlükəsizliyinin ən yaxşı nümunəsidir, – deyə E.Vəlizadə çıxışının sonunda qeyd edib.
Sessiyada Azərbaycanla yanaşı, Türkiyə, Oman, Qətər, İndoneziyanın sahəvi qurumlarının rəhbərləri, BTİ-nin nümayəndələri və kibertəhlükəsizlik üzrə 2 beynəlxalq təşkilatın rəhbəri iştirak edib. Avropa Yayım Birliyinin rəsmisinin moderatorluq etdiyi sessiyada 130 onlayn qoşulmuş iştirakçı çıxışçılara suallar vermək imkanına malik olub.