Çin orbitə üç yeni peyk buraxıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, peyklər orbitə “Chang Zheng-4B” (“Böyük yürüş – 4B”) raketdaşıyıcısı vasitəsilə çatdırılıb. Raketin Çinin şimalında yerləşən Şansi əyalətinin Tayyuan kosmodromundan uğurlu buraxılışı həyata keçirilib.
Məlumata görə, kosmosa Çin Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanan yüksək ayırdetmə qabiliyyətinə malik yeni stereotopoqrafik peyk çatdırılıb. Kosmik aparat ölkənin torpaq ehtiyatlarının öyrənilməsi, təbii fəlakətlərin xəbərdar edilməsi, kənd təsərrüfatının inkişafı, su ehtiyatlarından səmərəli istifadə, ekoloji tədqiqatlar və şəhər planlaşdırması üçün məlumatlar təqdim edəcək.
Orbitə, həmçinin qara materiyanın aşkarlanması və kommersiya məlumatlarının toplanılması üçün nəzərdə tutulan iki peyk çıxarılıb.
Nizam Nuriyev