“OPPO” şirkəti ortabüdcəli “A72” smartfonunun yenilənmiş versiyasını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, smartfon ön panelin 90,5%-ni tutan “Full HD ” təsvir ölçülü və 90 hers yeniləmə tezliyinə malik 6,5 düymlük IPS ekranla təchiz edilib və 8 mp-lik sensor (f/2.0) üçün kəsiyə malikdir. Arxa kamera modulu 16 mp-lik (f/2.2), 8 mp-lik (baxış bucağı 119°) və 2 mp-lik (dərinlik datçiki, f/2.4) sensorlardan ibarətdir.
Aparat “Mali-G57 MC3” qrafik sürətləndiricisinə malik 8 nüvəli “MediaTek Dimensity 720” (2 x 2 QHs Cortex-A76 6 x 2 QHs Cortex-A55) prosessoru ilə təchiz edilib. Qurğu 8 QB LPDDR4X tipli əməli yaddaş, UFS 2.1 standartına uyğun 128 QB tutumlu daşıyıcı ilə təchiz edilib və “ColorOS 7.2” interfeysli “Android 10” versiyasının idarəetməsi altında işləyir.
“OPPO A72 5G” smartfonu 18 vatt gücündə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4040 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Qurğunun təhlükəsizliyini barmaq izləri skaneri təmin edir. Qulaqlıqlar üçün 3,5 mm-lik konnektor və FM radio modulu nəzərdə tutulub.
Çində satışa çıxarılmış “OPPO A72” smartfonunun qiyməti 270 dollardır.
Emil Hüseynov