Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“5G” infrastrukturu üçün dünya xərcləri iki dəfə artacaq


2020-ci ildə beşinci nəsil mobil rabitə şəbəkələri (5G) infrastrukturu üçün dünya xərcləri iki dəfə artaraq 8,1 milyard dollara çatacaq. Bu barədə “Gartner” şirkətinin yenilənmiş qiymətləndirməsində deyilir. Bununla yanaşı, analitiklər ümumilikdə mobil rabitə infrastrukturu bazarının həcminin azalacağı barədə xəbərdarlıqla çıxış ediblər. Burada mədaxilin 2019-cu illə müqayisədə 4,4 faiz azalaraq 38,1 milyard dollar səviyyəsində olacağı gözlənilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, mütəxəssislərin hesablamasına görə, ötən il kommunikasiya xidməti tədarükçüləri tərəfindən “5G” infrastrukturunun yaradılmasına 4,1 milyard dollara yaxın vəsait ayrılıb. Bu, mobil şəbəkələrin inkişafına 39,87 milyard dollar məbləğində ümumi investisiya həcminin 10,4 faizini təşkil edib. Bu il üçün proqnoz özünü doğruldacağı təqdirdə nəzərdən keçirilən bazarda bütün xərclərin 21,3 faizi “5G” şəbəkəsinin payına düşəcək.

 

“Gartner” mütəxəssislərinin fikrincə, “5G” şəbəkəsinin tətbiqinə görə lider regionlar – Çin (Tayvan və Honkonq daxil olmaqla), inkişaf etmiş Asiya-Sakit okean ölkələri, Şimali Amerika və Yaponiya 2023-cü ilədək öz əhalisinin 95 faizini beşinci nəsil mobil rabitəsi ilə əhatə edəcək.

 

“COVID-19” pandemiyası səbəbindən Çin və Yaponiya istisna olmaqla digər regionlarda “5G”yə investisiyaların artım tempi azalsa da, şirkət nümayəndələri qeyd edir ki, “5G” şəbəkələrinin qurulması üçün xərclərdə artım hər yerdə müşahidə olunur.

 

Qısamüddətli perspektivdə Çin dünya “5G” infrastrukturunun inkişafına başçılıq edəcək. 2020-ci ildə bu istiqamət üzrə bütün investisiya vəsaitlərinin təxminən yarısı ölkənin payına düşəcək.

 

“Gartner” 2021-ci ildə “5G” investisiyalarının daha da artacağını proqnozlaşdırır. 2022-ci ildə isə beşinci nəsil mobil rabitə şəbəkələrinin inkişafı üçün xərclərin “4G/LTE” xərclərini üstələyəcəyi gözlənilir.

 

Nizam Nuriyev






29/07/20    Çap et