Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkəti ən yeni “OLED” ekran texnologiyalarını nümayiş etdirib


Cənubi Koreyanın “LG” şirkəti “Society for Information Display” (SID) virtual konfransı çərçivəsində üzvi işıq diodlar (OLED) əsasında displeylər sahəsində ən yeni texnologiyalar nümayiş etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, təqdim edilən yeniliklər arasında portativ kompüterlər üçün 13,3 düymlük elastik “OLED” ekran yer alıb. 1536 × 2048 piksel təsvir ölçüsünə malik panel noutbuka çevrilən planşetlərdə tətbiq oluna bilər. Parlaqlıq 300 kandel/kvadratmetr, kontrastlıq 100 000:1 təşkil edir.

 

Daha bir yenilik – 55 düym diaqonallı şəffaf “OLED” displeydir. O, 1920 × 1080 piksel təsvir ölçüsünə malikdir və sensorlu idarəetməni dəstəkləyir. Bu panel “ağıllı” pəncərə, intellektual vitrin və s. tərkib hissəsi olacaq.

 

Televizorlar seqmentində 65 düym diaqonallı rulona bükülən “4К” (3840 × 2160 piksel) formatlı “OLED” ekran xüsusi diqqət çəkir.

 

Bundan başqa, avtomobil multimedia sistemləri üçün bükülən “OLED” displey nümayiş olunub. 12,8 düym diaqonallı və 1888 × 1728 piksel təsvir ölçülü paneli, məsələn, oturacağın başlığında və ya avtomobilin mərkəzi konsolunun kiçik bölməsində tam gizlətmək mümkündür.

 

Nizam Nuriyev

 

https://www.youtube.com/watch?v=PpMDKJPSUKg&feature=emb_title






05/08/20    Çap et