Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şəffaf “Xiaomi” televizoru təqdim edilib


“Xiaomi” şirkəti yaradılmasının on illiyi münasibətilə “Mi TV Lux Transparent Edition” adlı şəffaf televizor təqdim edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, söhbət kütləvi istehsal mərhələsində olan tam şəffaf televizordan gedir. O, 5,7 millimetr qalınlığında 55 düym diaqonallı şəffaf “OLED” ekranla təchiz edilib. Bundan başqa, televizor 120 giqaherslik yüksək yeniləmə tezliyinə malikdir. Həmçinin panel 10 bitlik rəng dərinliyi və “DCI-P3” rəng qammasını 93 faiz əhatə etməsi ilə xarakterizə olunur. Ekranın reaksiya vaxtı 1 millisaniyə təşkil edir.

“MediaTek 9650” birkristallı sistemi ilə təchiz edilən qurğu “MEMC” və “Dolby Atmos” hərəkət kompensasiya texnologiyasını dəstəkləyir. Qiyməti 7100 dollar təşkil edəcək televizorun satışa çıxarılma müddəti barədə məlumat verilmir.  

Qeyd edək ki, şəffaf televizorlar əvvəllər də nümayiş olunub. Belə ki, 2019-cu ildə “IFA” sərgisində “Panasonic”, 2017-ci ildə “LG”, 2016-cı ildə isə “Samsung” ilk belə qurğusunu nümayiş etdirib. Lakin hazırda söhbət ilk kommersiya istifadəsinə verilən qurğudan gedir.

Nizam Nuriyev






12/08/20    Çap et