Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Orta səviyyəli “5G” smartfonları üçün “MediaTek Dimensity 800U” prosessoru nümayiş olunub


“MediaTek” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən smartfonlar üçün “Dimensity 800U” adlı prosessoru rəsmən təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, çip orta səviyyəli qurğular üçün nəzərdə tutulub. İnteqrasiya edilmiş modem “5G” şəbəkələrini  avtonom olmayan (NSA) və avtonom (SA) arxitekturalı 6 giqahersdən aşağı tezlik diapazonunda dəstəkləyir. Həmçinin “5G+5G Dual SIM Dual Standby” (DSDS), “Dual Voice over New Radio” (VoNR) və “5G Two Carrier Aggregation” (2CC 5G-CA) texnologiyaları tətbiq olunub. Nəzəri baxımdan abunəçi tərəfə məlumat ötürmə sürəti 2,3 Qbit/saniyəyə çatır.
 
Prosessor 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb. O, səkkiz hesablama nüvəsini birləşdirir: 2,4 QHs takt tezlikli iki “ARM Cortex-A76” nüvəsi və 2 QHs takt tezlikli altı “ARM Cortex-A55” nüvəsi.
 
Qrafik blok “ARM Mali-G57 MC3” sürətləndiricisindən istifadə edir. Bundan başqa, “Full HD plus” (2520 × 1080 piksel) təsvir ölçülü və 120 QHs yeniləmə tezlikli ekranlar dəstəklənir. 64 meqapikselli matrisaya malik kameraların, eləcə də 20+16 milyon piksel konfiqurasiyalı kameraların tətbiqi mümkündür.
 
“Dimensity 800U” platformalı qurğular 12 giqabaytlıq “LPDDR4x-2133” operativ yaddaş və “UFS 2.2” fləş-toplayıcısı ilə təchiz oluna bilər. Həmçinin “Wi-Fi 5” (a/b/g/n/ac) və “Bluetooth 5.1” dəstəkləri mövcuddur.
 
Yeni prosessorun əksər “5G” smartfon tədarükçülərinin qurğularında tətbiq ediləcəyi gözlənilir. “MediaTek Dimensity 800U” prosessoru ilə təchiz edilən ilk qurğuların kommersiya bazarına nə vaxt çıxarılacağı barədə məlumat verilmir.
 
Nizam Nuriyev





18/08/20    Çap et