Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ulefone Armor 8 5G” zərbəyədavamlı korpusla təchiz edilib


Çinin “Ulefone” şirkəti “Armor 8 5G” smartfonunun əks olunduğu videoçarx dərc edib. O, dünyada zərbəyədavamlı korpusla təchiz edilən beşinci nəsil mobil rabitə şəbəkəsi dəstəkli ilk smartfon olacaq.   
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, videoçarxa görə, “Ulefone Armor 8 5G” məlumatların 443 Mbit/saniyə sürətlə real qəbulu və 114 Mbit/saniyə sürətlə ötürülməsi ilə seçilir. Sürət Çinin “China Telecom” mobil rabitə operatorunun şəbəkəsində ölçülüb. Smartfonun dizaynı “LTE” dəstəkli “Armor 8” qurğusunun əsas versiyasından fərqlənmir. Yeni smartfonun 8 giqabaytlıq operativ yaddaşla birlikdə işləyən “MediaTek Dimensity 800” prosessoru ilə təchiz ediləcəyi gözlənilir. Smartfonun quraşdırılmış yaddaş tutumu 128 giqabayt, “Full HD+” təsvir ölçülü ekranın diaqonalı 6,7 düym təşkil edəcək. Ön kamera ekranın yuxarı hissəsində damcıvarı şəkildə yerləşəcək.
 
Xatırladaq ki, bundan əvvəl “5G” dəstəkli ilk mühafizəli smartfon adına 2018-ci ilin sonunda təqdim edilən “Ulefone Armor 6” layiq görülüb, lakin qurğu naməlum səbəblərə görə seriyaya “5G” dəstəyi olmadan daxil edilib.
 
Hazırda “Ulefone Armor 8 5G” smartfonunun qiyməti barədə məlumat verilmir.
 
Nizam Nuriyev








27/08/20    Çap et