Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ericsson” və UNICEF 35 ölkənin məktəblərində internetə çıxışı təmin edəcəklər


“Ericsson” şirkəti və BMT-nin Uşaq Fondu (UNICEF) məqsədi hər məktəbi internetə qoşmaq olan “Giga” təşəbbüsü çərçivəsində tərəfdaşlığa başlayıb. Üç il ərzində tərəfdaşlar dünyanın 35 ölkəsində bütün məktəblərin internetə çıxışını təşkil etmək niyyətindədirlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat www.mediasat.info” resursuna istinadən yazır ki, “Giga” qlobal təşəbbüsü ötən il UNICEF və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) rəhbərliyi ilə istifadəyə verilib. “Ericsson” layihəyə bir neçə milyon dollar yatırmaq və məktəblərin internetə qoşulmasında UNICEF-in tərəfdaşı qismində çıxış etmək istəyini ifadə edən ilk özəl şirkət olub.
 
BTİ-nin məlumatına görə, bu gün internetə çıxışın olmaması səbəbindən 360 milyon gənc təhsil üçün məhdud imkanlara malikdir. “Ericsson” və UNICEF arasında imzalanan sazişin məqsədi hər bir uşağa təhsil almaq üçün lazım olan rəqəmli texnologiyalardan müntəzəm istifadəyə kömək etməkdir.
 
Qeyd olunur ki, UNICEF və “Ericsson”, həmçinin BMT-nin “Generation Unlimited” ümumdünya təşəbbüsünə diqqət yetirirlər. Onun məqsədi gənclərin təhsil və məşğulluq sahəsində imkanlarının genişləndirilməsi və inkişaf etdirilməsi, eləcə də rəqəmli iqtisadiyyatın inkişafında iştirak üçün zəruri olan biliklərin əldə olunmasına yardım etməkdir. Bundan başqa, tərəfdaşlıq çərçivəsində tərəflər uşaqların “COVID-19” pandemiyası şəraitində internet və rəqəmsal texnologiyalar vasitəsilə təhsili davam etdirmək üçün UNICEF-in fəaliyyət planına dəstək verəcəklər.  
 
Nizam Nuriyev





28/08/20    Çap et