Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Amazon Halo” bilərziyi səsə görə istifadəçinin əhval-ruhiyyəsini qiymətləndirir (VİDEO)
“Amazon” şirkəti bir sıra qeyri-adi xüsusiyyətlərə malik ilk “Halo” fitnes bilərziyini və sağlamlıq vəziyyətinin monitorinqi üçün eyniadlı mobil proqram təqdim edib. Bu barədə şirkətin bloqunda deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru www.newsru.com” resursuna istinadən yazır ki, bazarda təqdim edilən əksər fitnes bilərziklərdən fərqli olaraq “Amazon Halo” ekranla təchiz edilməyib: qurğu quraşdırılmış senosorlar vasitəsilə müxtəlif parametrləri qeydə alaraq onları istifadəçinin smartfonuna ötürür. Şirkət nümayəndələrinin sözlərinə görə, akkumulyator qolbağın bir həftə təkrar enerji toplamadan işləməsini təmin edir.
Oxşar qurğular kimi “Halo” insanın fiziki aktivliyini izləyə, eləcə də yuxunun monitorinqini apara bilir. Bundan başqa, bilərzik mikrofon vasitəsilə səs dəyişkənliyinə görə istifadəçinin əhval-ruhiyyəsini müəyyənləşdirir.
“Halo” mobil əlavəsi bilərzikdəki məlumatları saxlayır, eləcə də dərialtı piyin faizini qiymətləndirir. Bunun üçün proqram smartfon kamerası vasitəsilə istifadəçinin bədəninin üçölçülü modelini yaradır və onu bu göstəricinin hesablanması üçün analiz edir.
Qiyməti 100 dollar təşkil edən yeni “Amazon” fitnes bilərziyi ilk alıcılara 65 dollara təklif olunacaq. Bu qiymətə bilərzikdən istifadəyə imkan verən “Halo” əlavəsi (6 ay istifadədən sonra aylıq 4 dollar) üçün 6 aylıq abunə daxildir.