Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Miniatür robot cərrah hazırlanıb


Harvard Universiteti nəzdində “Wyss” Bioloji Mühəndislik İnstitutunun tədqiqatçıları və “Sony” şirkətinin mühəndisləri cərrahi əməliyyatları yüksək dəqiqliklə aparan tennis topu ölçüsündə mexanizm yaradıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, “mini-RCM” adlı yeni cərrahi robot qeyri-adi konstruksiyaya və az çəkiyə malikdir və əksər analoqları ilə müqayisədə daha kompaktdır. Onun yaradılması zamanı materiallar bir-birinə üstün yığıldıqdan sonra uşaq kitablarında oriqami və ya fiqurlara bənzəyən üçölçülü forma yaratmaq üçün lazerlə kəsilir. “3D” strukturunun imitasiyası üçün “mini-RCM” bir neçə istiqamətdə işləyən üç xətli ötürücü vasitəsilə idarə olunur.
 
Testlər zamanı məlum olub ki, “mini-RCM” əllə idarə olunan alətdən 68 faiz dəqiqdir. Robot gözə iynənin daxil edilməsi prosedurunun imitasiyasını uğurla yerinə yetirir. Bu zaman dərman göz almacığının arxa tərəfindəki kiçik venalara çatdırılır. Bu məqsədlə “mini-RCM” tor qişasının venasını (saçdan təxminən iki dəfə qalın) imitasiya edən silikon borucuğu deşərək onu zədələməyib.
 
Belə robotların kommersiya istifadəsinə nə vaxt veriləcəyi barədə məlumat verilməsə də, onlar böyük potensiala malikdirlər.
 
Nizam Nuriyev





31/08/20    Çap et