Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfon və düyməli telefonların qlobal tədarük həcmi müvafiq olaraq 26% və 45,5% azalıb


“Counterpoint Research” tədqiqat şirkətinin analitikləri qlobal mobil telefonlar bazarındakı vəziyyəti xarakterizə edən ənənəvi infoqrafika dərc ediblər. 2020-ci ilin ikinci rübü üzrə məlumatlar həmişəki kimi smartfon və düyməli qurğular seqmentləri şəklində təqdim edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Counterpoint” şirkətinin hesablamasına əsasən, hər iki istiqamət üzrə mənfi dinamika qeydə alınıb. Aprel-iyun aylarında qlobal smartfon tədarükünün həcmi 26% azalaraq 276 milyondan bir qədər çox təşkil edib. Düyməli telefonların tədarük həcmi isə 47% azalaraq 45,45 milyon olub.
 
Dünyanın bütün əsas regionlarında (Asiya-Sakit okean, Şimali və Latın Amerikası (LATAM), Avropa, Yaxın Şərq və Afrika (MEA)) azalma müşahidə olunub. Smartfon tədarükü üzrə azalma ən çox LATAM və MEA ölkələrində qeydə alınıb.
 
Ötən rübün başqa diqqətəlayiq tendensiyası “5G” smartfonlarının bazar payının 12%-dək artması olub. Əvvəlki rübdə beşinci nəsil şəbəkələrini dəstəkləyən qurğuların bazar payı 7%-ə bərabər idi. Ölkələr arasında “5G” smartfonlarının tədarükünə görə Çin liderdir.
 
Yaxın Şərq və Afrika düyməli qurğuların ən böyük regional bazarı olaraq qalır. Ötən rübdə düyməli aparat tədarükünün ümumi həcminin 50%-i sözügedən regionun payına düşüb.
 
Emil Hüseynov




31/08/20    Çap et