Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aztelekom” Qazax rayonunda telekommunikasiya şəbəkəsini genişləndirir


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti karantin müddətində abunəçilərin telekommunikasiya xidmətlərinə artan tələbatının ödənilməsi işlərini xüsusi gücləndirilmiş rejimdə həyata keçirir. 

Bu məqsədlə Qazax rayonu ərazisində də şəbəkənin genişləndirilməsi, mövcud tutumun artırılması istiqamətində planlı işlər aparılıb və proses davam etdirilir. 

Nəticə etibarilə rayon ərazisində dayanıqlı telekommunikasiya infrastrukturu formalaşdırılır, internetdən istifadə genişləndirilir. 

Təmir-profilaktik işlər çərçivəsində şəhər xətt təsərrüfatında paylayıcı şkaf və quyular təmir olunub. Şəhərin Bakı, Azadlıq, M.Hüseyn, M.Ə.Rəsulzadə küçələrində, rayonun Nərimanov qəsəbəsində, Ağköynək, Çaylı, Yuxarı Salahlı, 2-ci Şıxlı, Qarapapaq, Fərəhli, Çaylı, Kosalar, Kəmərli, Canalı kəndlərində köhnəlmiş kabellər yeniləri ilə əvəz olunub, bununla da göstərilən xidmətlərin keyfiyyəti yaxşılaşdırılıb. 

Xanlıqlar və Canalı kəndlərində Elektron ATS istifadəyə verilib, əlavə abunəçilərin qoşulması üçün xətt təsərrüfatı tikilib. 

Pandemiya ilə əlaqədar əhalinin internetə olan tələbatının ödənilməsi üçün bu dövrdə Yuxarı Salahlı, Qaymaqlı, Kəmərli, Canalı, Kosalar, Çaylı, Daş Salahlı kənd Elektron ATS-lərində DSLAM avadanlıqları quraşdırılaraq mövcud tutum artırılıb. 

Qazax rayonunda “Təzə məhəllə” adlanan yaşayış ərazisində əhalinin müraciətləri nəzərə alınaraq rabitə şəbəkəsində tutum nəzərəçarpacaq dərəcədə genişləndirilib. 

Vətəndaşları yüksəkkeyfiyyətli multimedia xidmətləri ilə təmin etmək məqsədilə yeni 1024 nömrə tutumlu Elektron Avtomat Telefon Stansiyası quraşdırılıb. 

Qeyd edək ki, digər bölgələrdə də əhalini yüksəksürətli, genişzolaqlı xidmətlərlə təmin etmək üçün mövcud EATS-lərin şəbəkə tutumlarının genişləndirilməsi nəzərdə tutulur.















03/09/20    Çap et