“HUAWEI Y9a” smartfonu təqdim edilib
“HUAWEI” şirkəti “Y9a” adlı smartfonunu (ötən həftə elan edilmiş “Enjoy 20 Plus” modelinin qlobal versiyasını) təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
4pda.ru” saytına istinadən yazır ki, “HUAWEI Y9a” cihazı 2400x1080 piksel təsvir ölçülü və 60 hers yeniləmə tezliyinə malik 6,63 düymlük IPS ekranla təchiz edilib. Aparat “MediaTek Helio G80” mobil platformasına əsaslanır, 6 və ya 8 QB əməli yaddaşa və 128 QB-lıq daşıyıcıya malikdir. Yeni qurğu “Android 10” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.
4200 milliamper/saat tutumunda olan akkumulyator “HUAWEI Y9a” smartfonunun avtonom işləməsini təmin edir. Bu halda sürətli enerjidoldurma texnologiyasının gücü müxtəlif bazarlar üçün fərqli olacaq.
“HUAWEI Y9a” aparatının əsas kamerası 64, 8 (120 dərəcə baxış bucağına malik genişbucaqlı optika), 2 (makroobyektiv) və 2 mp-lik (dərinlik datçiki) təsvir ölçülü dörd sensordan ibarətdir. İrəli-geri çəkilən mexanizmlə təchiz edilmiş qurğunun ön kamerasının təsvir ölçüsü 16 mp təşkil edir. Smartfon qulaqlıqlar üçün 3,5 mm-lik konnektor, “USB Type-C” portu, “LTE” modem, “Wi-Fi 802.11ac” ikidiapazonlu modulu, “Bluetooth 5.1” və “GPS” ilə təchiz edilib.
Yeni aparatın satışa çıxarılma tarixi istehsalçı tərəfindən sonra elan ediləcək.
Emil Hüseynov