Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“4K” formatlı televizorların satışı artıb


Bu ilin birinci yarısında "4K" təsvir ölçüsünə malik 60 düym diaqonallı və daha böyük televizorlar bazarının həcmində artım qeydə alınıb. Bu, koronavirus pandemiyası fonunda insanların evdə daha çox vaxt keçirməsi, xüsusilə televizora baxmağa daha çox vaxt sərf etməsi ilə əlaqələndirilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT www.ixbt.com" resursuna istinadən yazır ki, "Omdia" tədqiqat şirkətinin məlumatına görə, cari ilin birinci rübündə 69 düym diaqonaldan böyük "4K" televizorlarının satışı 12 milyon ədəd təşkil edib. Bu, ötən ilin analoji dövründən 23 faiz çoxdur. Bundan başqa, televizorların satış həcmində artım "Netflix" daxil olmaqla "4K" təsvir ölçülü kontenti aktiv inkişaf etdirən müxtəlif videoservislərin populyarlığının artması ilə izah olunur.
 
Məlumata görə, "Samsung Electronics" və "LG Electronics" dünya "4K" standartlı televizorlar bazarında liderdir. İlin birinci yarısında "Samsung Electronics" 60 düym diaqonallı və daha böyük televizorlar bazarında 31 faiz paya sahib çıxıb, "LG Electronics" şirkətinin payı isə 16,6 faiz təşkil edib.
 
Beləliklə, iki Cənubi Koreya şirkəti bazarın təxminən yarısını tutub. Üçüncü yerdə bazar payı 9,2 faiz təşkil edən Çinin "Hisense" şirkəti qərarlaşıb. Sonrakı pillələrdə digər Çin şirkəti – "TCL" (8,1 faiz) və Yaponiyanın "Sony" (6,1 faiz) korporasiyası qərarlaşıb.
 
Analitiklərin proqnozuna görə, qiymətlər düşdükcə yaxın gələcəkdə "4K" televizorlarının satış həcmi artmaqda davam edəcək.  
 
Nizam Nuriyev





07/09/20    Çap et