Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“5G” dəstəkli smartfonların qiyməti ucuzlaşacaq


“IDC” analitik şirkəti koronavirus pandemiyası dövründən sonra smartfonlar bazarının vəziyyəti ilə bağlı proqnozla çıxış edib. Bazarda artımın 2022-ci ildə bərpa olunacağı, 2023-cü ildə isə onun 50 faizinin beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən smartfonların təşkil edəcəyi gözlənilir. Bundan başqa, onların qiymətinin tədricən aşağı düşəcəyi proqnozlaşdırılır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat www.mediasat.info” resursuna istinadən yazır ki, məlumata görə, 2023-cü ildə dünyada “5G” smartfonları üçün “ASP” (orta satış qiyməti) göstəricisi 495 dollar təşkil edəcək. Hazırkı göstəricilərdən söz açan ekspertlər tərəfindən Çin nümunə kimi qeyd olunur. Bu gün orada “5G” dəstəkli smartfonların orta qiyməti 464 dollara bərabərdir. Bununla yanaşı, bütün satılan “5G” smartfonlarının 43 faizinin qiyməti 400 dollardan azdır.
 
Ümumilikdə bazara gəldikdə, “IDC” smartfonlarının tədarük həcminin illik hesablamasında 9,5 faizlik – 1,2 milyard qurğuyadək azalma proqnozlaşdırır. Üç ildən sonra bazarın yarısını “5G” smartfonları tutacaq, “3G” smartfonlarının payı isə sıfıra yaxınlaşacaq.
 
Xatırladaq ki, ötən ay “DigiTimes” tədqiqat şirkəti tərəfindən açıqlanan proqnoza görə, 2020-ci ildə “5G” smartfonlarının tədarükü 250 milyona çatacaq. Yanvar-martda satışa təxminən 24 milyon “5G” dəstəkli smartfon çıxarılıb. 225 milyon həcmində defisitin isə aprel-dekabrda kompensasiya olunacağı gözlənilir.
 
Nizam Nuriyev





08/09/20    Çap et