Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Rabitə Bakı” Dünya çempionatında!!!
Son illər yerli və Avropa arenada qazandığı möhtəşəm uğurları sayəsində nəinki Avropanın, həm də bütün dünyanın diqqətini cəlb edən “Rabitə Bakı” komandası Beynəlxalq Voleybol Federasiyası tərəfindən daha bir xoş xəbərlə müjdələndirildi. Avropa Çempionlar liqasında iştirakı təsdiqlənən komandamızın bu dəfə səsi daha böyük turnirdən gələcək. Belə ki FİVB-dən gələn xüsusi dəvətə əsasən, son illərin dəyişməz çempionu möhtəşəm Dünya çempionatında iştirak edərək Azərbaycan xalqını sevindirməyə çalışacaq.
Son mövsüm Avropada final oynayan “Rabitə”nin bu haqqı heçdən qazandığını da söyləmək olmaz. Komandamız ötən mövsüm Avropa nəhənglərini gerisində buraxaraq Çempionlar liqasında final oynamaqla bu haqqa iddiasını göstərdi və klub rəhbərliyinin gələcəklə bağlı daha ciddi planlarına eyham vurdu.
Bu zəhmətin bəhrəsini görmək isə klub rəhbərliyi ilə yanaşı, bütün Azərbaycan xalqını sevindirməyə bilməz. Axı bu, nəinki voleybol tariximizdə, hətta bütün Azərbaycan idmanı tarixində kollektiv idman növlərində hər hansı bir klubun ilk dəfə Dünya çempionatında iştirakı deməkdir.
Bu ilkə məhz “Rabitə”nin imza atacağı bizi qürurlandırmaya bilməz. Bu xəbəri də ilk olaraq məhz voleybolsevərlərlə bölüşərək klubumuzun bu sevincinə bizi daima dəstəkləyən azarkeşlərimizin şərik olmasını istərdik.
Beləliklə, 8-14 Oktyabr 2011–ci il tarixlərində Qətərin paytaxtı Doha şəhərində təşkil olunacaq FİVB klublararası Dünya çempionatında bir Azərbaycan komandası da iştirak edəcək. Bu turnirdə iştirak edəcək 6 komandadan artıq 4-ü məlumdur. Belə ki, öz qitələrinin çempionları “Kenya Prisons” (Afrika), “Caguas” (Norceca),” Rabitə Bak” və “VGSTT” (Avropa) artıq bu turnirdə iştirak edəcəyini dəqiqləşdirərək daha iki rəqibin adının aydınlaşmasını gözləyir. Vakant yerlərin sahibləri isə Cənubi Amerika və Asiya çempionlarının adları bəlli olandan sonra öz yerlərini tutacaqlar. Dünya çempionatının ilk mərhələsinin püşkatma mərasimi 26 iyun 2011-ci il tarixində Doha şəhərində keçiriləcəkdir.
Xatırladaq ki, uzun fasilədən sonra ötən il bərpa olunan turnir ötən əsrin son onillliyində bu komandaların iştirakı ilə keçirilmişdir.
23/06/11 Çap et