Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“PhonePad” monitoru smartfonu 15,6 düymlük planşetə çevirir (VİDEO)


Müasir smartfonların güclü olmasına baxmayaraq onların ekran ölçüsü rahat işləmək, videoya baxmaq və ya oyun oynamaq üçün kifayət etmir. Bu baxımdan planşetlər daha cəlbedicidir. Kiçik ABŞ startapı "PhonePad" adlı universal portativ qurğu yaratmaqla bu problemi həll edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "PhonePad" informasiyanı daxil etmək üçün birbaşa smartfona qoşulan 15,6 düym diaqonallı portativ ekrandır. Onun əsas fərqləndirici cəhəti bütün qurğularla tam uyğunluq təşkil etməsindədir. Qeyd edək ki, əksər oxşar qurğular "Apple" məhsulları ilə işləyə bilmir.

 

Məlumata görə, qoşulma populyar "USB" interfeysləri və "HDMI" kabeli vasitəsilə həyata keçirilir. 1080р piksel təsvir ölçülü sensor displeylə təchiz edilən qurğu kontentlə birbaşa işləməyə imkan verir. Korpus yüngül və möhkəm alüminiumdan hazırlanıb və alt hissədə 10,2 mm, yuxarıda 4,9 mm qalınlığa malikdir.

 

İstehsalçı nümayəndələrinin sözlərinə görə, "HDMI" vasitəsilə displeyə istənilən rəqəmli qurğuları, o cümlədən noutbuk, oyun konsolu və güzgülü kameraları qoşmaq mümkündür.

 

"PhonePad" portativ qurğusunun satışlarına noyabrda başlamaq nəzərdə tutulur. Hazırda monitor "Kickstarter" vəsait toplanışı saytında 219 dollara satılır.

 

Nizam Nuriyev

 






14/09/20    Çap et