2004-cü ildə Harvard Universitetində Mark Zukerberq və onun otaq yoldaşları tərəfindən yaradılmış “Facebook” sosial şəbəkəsi çoxdan qlobal şəbəkəyə çevrilib, amma indi şirkət müəyyən mənada köhnə vaxta qayıtmağa qərar verib. Bu məqsədlə “Facebook” tələbələr üçün əsas sosial şəbəkənin daxilində əlavə sosial şəbəkə istifadəyə verib. “Campus” adlı layihə haqqında şirkətin bloqunda məlumat verilib.
“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, şirkətin rəsmisi “Campus” layihəsinin yaradılmasını koronavirus pandemiyası ilə izah edib. Pandemiya səbəbindən təhsil müəssisələri qismən və ya tam distant təhsil rejiminə keçməli olublar.
İndi “Campus” sosial şəbəkəsinin istifadəçilərinə çat, tədbir və qrupları yaratmaq imkanı əlçatandır. Həmçinin onlar öz universitetlərinin xəbər lentinə də baxa bilərlər. Hazırda ABŞ-ın təxminən 30 təhsil müəssisəsi sözügedən layihəyə qoşulub.
Emil Hüseynov