Premium səviyyəli ev kinoteatrlarının tərkibində istifadə üçün nəzərdə tutulan “Xiaomi Fengmi 4K Max” lazer proyektoru üçün ilkin sifarişlərin qəbuluna başlanılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğu diaqonal üzrə 200 düymədək (təxminən 5 metr) “4K” (3840 × 2160 piksel) standartlı təsvir ölçüsünü formalaşdırır. Bu halda ekrana və ya divaradək olan məsafə 77 sm təşkil edir. 29 sm məsafədən proyeksiya edilən zaman 120 düymlük görüntü əldə etmək mümkündür.
“Xiaomi Fengmi 4K Max” modeli 4500 “ANSI” lümeninədək parlaqlığı təmin edir. Həmçinin yüksək dinamik kontrastlıq, geniş rəng əhatəsi və “HDR10 ” standartı dəstəyi nəzərdə tutulub. Görüntünün keyfiyyəti “FAV” texnologiyası tərəfindən optimallaşdırılır.
Qara rəngli korpusa malik qurğunun qabaritləri 608 × 389 × 140 mm təşkil edir. Proqram platforması qismində “FengOS” əməliyyat sistemi tətbiq edilib.
Bundan başqa, proyektor 12 nanometrlik “Amlogic T972” prosessoru və 3 giqabaytlıq operativ yaddaş ilə təchiz edilib. Çıxışlar arasında üç “HDMI” interfeysi, iki “USB 2.0 Type-A” portu, “Ethernet” şəbəkə kabelinin qoşulması üçün çıxış və “S/PDIF” interfeysi yer alıb.
“Xiaomi Fengmi 4K Max” lazer proyektorunun təxmini qiyməti 4130 dollara bərabərdir.
Nizam Nuriyev