Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yük və sərnişin daşımaları üçün dron nümayiş olunub


Sərnişin pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olan Çinin “Autoflight” şirkəti Şençjendə keçirilən ümumdünya pilotsuz uçan aparatlar konfransında “V400 Albatross” adlı yük və sərnişin dronunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “V400 Albatross” birincisi tam elektrik, ikincisi hibrid olmaqla iki modeldə buraxılır. Aparatların hər ikisi müxtəlif mühərriklə işləməsinə baxmayaraq 400 kq ümumi maksimal uçuş kütləsinə və 100 kq yükgötürmə qabiliyyətinə malikdir. Onlar məxsusi olaraq uzaq məsafələrə logistikanın və yüklərin çatdırılması üzrə əməliyyatların sadələşdirilməsi üçün hazırlanıb.

 

Modellər arasında əsas fərq aparatların uçuş məsafəsindədir. Belə ki, elektrik modelin uçuş məsafəsi 300 km, hibridin isə 1000 km təşkil edir. Hər iki model 5 min metrədək maksimal uçuş hündürlüyünə, 9 metr uzunluğunda qanada, 1,1 metr hündürlüyə və 6,7 metr enə malikdir.

 

“V400 Albatross” müxtəlif ehtiyat sistemlər, o cümlədən uçuş idarəetmə sistemləri, ötürücü və radarlar, eləcə də əlavə paraşütlə təchiz edilib. O, bort uçuş idarəetmə sistemi, uçan vasitələri tanıma və toqquşmadan yayınma sistemi ilə təchiz olunub ki, bu da ondan pilot olmadan təhlükəsiz istifadəyə imkan verir. Aparatla havada rabitə əlaqəsinin kəsilməməsi üçün o, “4G” və “5G” avadanlığı ilə təchiz edilib.

 

“V400 Albatross” pilotsuz uçuş aparatının həm yük, həm də sərnişin daşımaları üçün uyğunlaşdırılması planlaşdırılır.

 

Nizam Nuriyev






17/09/20    Çap et