“GoPro” şirkəti əvvəlki modellə müqayisədə bir sıra nəzərəçarpan dəyişikliklər edilmiş yeni “Hero 9 Black” ekşn kamerasını rəsmən təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “www.newsru.com” saytına istinadən yazır ki, “Hero 9 Black” yeni dizayn, ön paneldə rəngli ekran və arxa səthdə 2,27 düymlük ekranla təchiz edilib. Bu halda yeni batareya səbəbindən kameranın ölçüsü cüzi artıb. Yeni batareyanın tutumu 1720 milliamper/saatadək (“Hero 8 Black”ə quraşdırılmış batareya ilə müqayisədə 40% çox) artırılıb.
Yeni “GoPro” kamerası təsvir ölçüsü 20 mp-dək (əvvəlki modeldə 12 mp-dək idi) olan şəkillər çəkməyə imkan verir. Həmçinin “Hero 9 Black” şirkətin 5K formatında videonun çəkiliş imkanını dəstəkləyən ilk kamerası olub. Bu rejimdə çəkiliş saniyədə 30 kadr tezliklə aparılır, halbuki 4K formatında kamera saniyədə 60 kadr tezliklə çəkir.
“GoPro Hero 9 Black”da, həmçinin yeni proqram funksiyaları reallaşdırılıb. Məsələn, kadrda üfüq səviyyəsini düzəldən yeni nəsil “HyperSmooth 3.0” video sabitləşmə və taymlaps çəkilişi üçün “TimeWarp 3.0” texnologiyası.
Emil Hüseynov