Almaniyanın mobil rabitə operatorları tərəfindən “3G” şəbəkələrində xidmətlərin göstərilməsinin nə vaxt dayandırılacağı müəyyənləşib.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, “Deutsche Telekom” şirkəti “3G” şəbəkəsini 30 iyun 2021-ci ildə söndürdükdən sonra “4G” və “5G” baza stansiyalarının sayının artırılmasını davam etdirməyi planlaşdırır. “Telefonica Deutschland” və “Vodafone Germany” operatorları “3G” şəbəkələrini 2022-ci ildə söndürmək niyyətindədirlər.
“Deutsche Telekom” nümayəndələrinin sözlərinə görə, şirkət “3G” əhatə dairəsində boşluğu aradan qaldırmaq məqsədilə “4G” şəbəkələrindən istifadə edəcək. Lakin uyğunluq təşkil edən avadanlığa malik olmayan müştərilər “2G” şəbəkəsinə keçməli olacaqlar. Həmçinin qeyd olunur ki, bütün paketlərə “4G” şəbəkəsinə çıxış daxildir. Bu isə o deməkdir ki, abunəçilər yeni paketlərə görə əlavə ödənişlər etməyəcəklər.
“Deutsche Telekom” şirkətinin Direktorlar Şurasının üzvü və baş direktor Dirk Vossner bildirib ki, operator tərəfindən Almaniyada “5G” şəbəkələri aktiv inkişaf etdirilir.
“Növbəti yayda “3G” şəbəkəsinin söndürülməsi bizə şəbəkəni yaxşılaşdırmağa imkan verəcək. Biz ən müasir texnologiyaların istifadə etməyə başladığı “3G” tezlik spektrindən yararlanırıq. Biz “LTE” şəbəkəsini bütün istifadəçilərə təklif etmək istəyirik və Almaniyada ən böyük “5G” şəbəkəsini qururuq”, – baş direktor vurğulayıb.
“3G” şəbəkələrinin söndürülməsi qlobal miqyasda davam edir. “3G” xidmətlərinin göstərilməsinin dayandırılması Hindistan, İspaniya, ABŞ və digər regionlar tərəfindən rəsmən bəyan olunub.
Nizam Nuriyev